REGİONLAR
Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq görülür
Bakı, 19 iyun, AZƏRTAC
İyunun əvvəlindən etibarən respublikanın bir çox pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizə üsulu kimi trixoqramma və habrobrakondan geniş ərazilərdə istifadəyə hazırlıq işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Kürdəmir, Salyan, Cəlilabad, Neftçala, Ağdam, Ağcabədi, Füzuli, Yevlax və digər rayonlarda pambıq sovkasına qarşı bioloji mübarizənin aparılması nəzərdə tutulub.
Belə ki, iyundan başlayaraq Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji laboratoriyasının dəstəyi ilə Kürdəmir rayonu ərazisində əkilmiş 2809 hektar pambıq sahəsinin 488 hektarında, Salyan rayonu ərazisində 4788 hektar pambıq sahəsinin 300 hektarında, Cəlilabad rayonu ərazisində 507 hektarın 150 hektarında, Neftçala rayonu ərazisində 5089 hektar pambıq sahəsinin 350 hektarında, Ağcabədi rayonu ərazisində 10 min 432 hektar pambıq sahəsinin 325 hektarında, Yevlax rayonu ərazisində 2400 hektar pambıq sahəsinin 100 hektarında, Füzuli rayonu ərazisində əkilmiş 800 hektar pambıq sahəsinin 75 hektarında tırtılların əmələ gəldiyi, sovkanın yayıldığı sahələri müəyyən etmək məqsədilə feromon tutucuları yerləşdirilib.
Tutucuların paylanmasının əsas məqsədi rayonlarda pambıq sovkasına qarşı bioloji mübarizə tədbirlərinin düzgün təşkil edilməsi və qısa müddət ərzində həmin zərərvericilərin məhv edilməsidir.
Hazırda pambıqçılıq rayonlarının pambıq sahələrində feromon tutucuların yerləşdirilməsi prosesi davam etdirilir. Pambıq sahələrində zərərvericilərin çoxalmasının qarşısını almaq üçün aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərindən kompleks formada istifadə edilməlidir. Zərərvericilərin normal qidalanmasını və onların çoxalmasını təmin edən yabanı bitkilər pambıq sahəsi və kənarlarından vaxtında təmizlənməli, əkinlərə yüksək səviyyədə qulluq edilməlidir. Kultivasiya, suvarma, alaqdan təmizləmə, üzvi və mineral gübrələrdən düzgün istifadə, uc vurma əməliyyatının aparılması yüksək məhsul əldə edilməsinə zəmin yaradır.