REGİONLAR
Pambıqçılıqda herbisidlərdən istifadəyə dair təlimlər keçirilir
Bakı, 20 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən respublikamızda pambıqçılıqla məşğul olan sahibkarların və fermerlərin maarifləndirilməsi, alaq otlarına qarşı herbisidlərdən səmərəli, düzgün və vaxtında istifadə olunmasını təmin etmək məqsədilə keçirilən təlimlər bu dəfə Kürdəmir rayonunda davam edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Respublika Bitki Mühafizəsi Mərkəzinin, rayon bitki mühafizəsi mərkəzlərinin, rayon kənd təsərrüfatı idarələrinin, rayon aqroservis mərkəzlərinin mütəxəssisləri və mexanizatotları, kənd təsərrüfatı idarələrinin nəzdində fəaliyyət göstərən MMC-lərin mütəxəssisləri, pambıq əkini üçün müqavilə imzalamış fermer və sahibkarlar, eləcə də pestisid istehsalı ilə məşğul olan “Avqust” firmasının Azərbaycandakı rəsmi distribüteri və mütəxəssisi İbadulla Qurbanov iştirak ediblər.
Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən fermer və mexanizatorlara səpindən əvvəl alaq otlarına qarşı istifadə olunan “Qambit” (prometrin, 500 q/l) preparatının üstünlükləri, eləcə də geniş spektrdə birillik ikiləpəli və dənli taxıl bitkiləri fəsiləsindən olan alaq otlarının nəzarətdə saxlanılması, tətbiq müddətinin (əkindən əvvəl, əkin zamanı və ya bitkinin cücərməsindən əvvəl) seçim imkanının olması, sürətli herbisid effekti, uzunmüddətli qoruma təsiri, becərilən bitkilərə qarşı yüksək seçicilik, növbəli əkin zamanı gələcək məhsullara sonrakı təsirinin olmaması və istifadəsi rahat olan maye preparativ forması barədə məlumat verilib, həmçinin gələcəkdə pambıq sahələrinin xəstəlik və ziyanvericilərdən mühafizəsində qeyd olunan çatışmazlıqların aradan qaldırılması yolları əyani şəkildə göstərilib.
Təlimdə Ağsu, Zərdab, Yevlax, Ucar, Ağdaş və Bərdə rayonlarından olan mütəxəssislər, fermerlər və torpaq mülkiyyətçiləri iştirak ediblər.
Qeyd edək ki, bitki mühafizə tədbirlərinin aparılmasına dair təlimlər mütəmadi olaraq digər rayonlarda da davam etdiriləcək.