REGİONLAR
Pambıqçılıqda ötən illə müqayisədə orta məhsuldarlıq 10,5 sentner artıb
Bakı, 13 noyabr, AZƏRTAC
Artıq Azərbaycanda pambıq yığımı tam yekunlaşmaq üzrədir. 2019-cu ili pambıqçılığın inkişafı baxımından uğurlu il saymaq olar. Ötən illə müqayisədə pambıq əkini sahələri 32401 hektar azaldılsa da, istər ümumi məhsulun həcmi, istərsə də, orta məhsuldarlıq ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. 2018-ci ildə fermerlər tərəfindən qəbul məntəqələrinə 233 min ton pambıq yığılaraq təhvil verilmişdi. Bu il bu rəqəm 48 min ton artaraq 281 min ton təşkil edir. Pambıqçılıqda ötən illə müqayisədə orta məhsuldarlıq 10,5 sentner artıb. Bu, kifayət qədər yüksək göstəricidir.
Bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Vüqar Hüseynov bildirib ki, pambıqçılıqda ekstensiv üsuldan intensiv üsula keçid müsbət nəticə verib: “Ölkənin torpaq və su ehtiyatları məhduddur, bu səbəbdən həmin ehtiyatlardan səmərəli istifadə etmək, artıma əkin sahələrinin genişləndirilməsi hesabına deyil, məhsuldarlıq hesabına nail olmaq vacibdir. 2019-cu il bunun mümkün olduğunu göstərdi. Gübrə ilə təminat, pambıq yığımının demək olar ki, tam şəkildə texnika vasitəsilə həyata keçirilməsi, toxumun düzgün seçilməsi, ən əsası becərmə zamanı aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması nəticələrə müsbət təsir edib. Eyni zamanda, fermer məhsuldarlığın artmasında daha maraqlıdır, çünki pambıqçılığa dövlət dəstəyi tədbirləri genişləndirilir. Bilirsiniz ki, pambığa görə fermerlərə həm əkin, həm də məhsul subsidiyası verilir. Gələn ildən pambıqçılığa dövlət dəstəyi daha da genişləndiriləcək. Məsələn, fermer 5 hektar pambıq əkirsə, hər hektardan orta hesabla 30 sentner məhsul götürürsə, 2600 manat təkcə subsidiya alacaq. Bu, dövlətin verdiyi subsidiyanın yalnız bir hissəsidir, fermerlərə verilən gübrə və pestisidlərin 70 faizini də dövlət ödəyir. Eyni zamanda, qeyd etmək istərdim ki, pambıqçılığa marağın artmasına ötən ilin sentyabrında pambığın alış qiymətinin 50 manat artırılması da ciddi təsir göstərib. Təbii ki fermerlər dövlətin yaratdığı bu fürsətləri dəyərləndirir, daha çox məhsul istehsal edir və daha çox qazanırlar. Nəticə etibarilə pambıqçılığın inkişafı fermerlərin rifah halının daha da yaxşılaşmasını təmin edir”.
Nazirlik rəsmisi qeyd edib ki, bu il ayrı-ayrı rayonlarda pambıqçılıqda yüksək nəticələr əldə olunub: “Bu il pambıq ən çox Saatlı, Ağcabədi, Biləsuvar, Bərdə və Beyləqan rayonları ərazisində əkilib. Ən çox pambıq təhvil verən Saatlı pambıqçılarıdır, rayon üzrə bu günədək 40 min tondan artıq pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Ölkə üzrə ən yüksək məhsuldarlıq isə Tərtər rayonundadır. Rayon ərazisində 3427 hektar sahədə pambıq əkilib, fermerlər noyabrın 13-dək 11741 ton pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Rayon üzrə orta məhsuldarlıq 34,26 sentner təşkil edir. Bərdə, Salyan və Neftçala rayonlarında da orta məhsuldarlıq 30 sentnerin üzərindədir”.
Vüqar Hüseynov bildirib ki, ölkə üzrə pambıq yığımı yaxın zamanlarda tam şəkildə yekunlaşacaq.