CƏMİYYƏT


Pan-Afrika Parlamentinin prezidenti ADA Universitetində olub

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danqın rəhbərlik etdiyi nümayəndə heyəti ADA Universiteti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə nümayəndə heyəti universitetin tədris kompleksini gəzib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu ali təhsil ocağının tarixi barədə məlumat verib. O deyib ki, universitetin məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Prorektor, həmçinin universitetin fakültələri, ixtisasları və proqramları, o cümlədən xarici tələbələr üçün təklif edilən təqaüd proqramı haqqında qonaqlara ətraflı məlumat verib. ADA-nın dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayan prorektor qeyd edib ki, bu ali təhsil ocağının nəzdində İctimai və Beynəlxalq Münasibətlər, Biznes, İnformasiya Texnologiyaları və Mühəndislik, Təhsilin İdarə Edilməsi institutları fəaliyyət göstərir. Hazırda universitetdə 5 minə yaxın tələbə təhsil alır.

Tələbələrlə görüşən qonaqlar ADA Universitetində tədris prosesini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıblar. Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq yetişməkdə olan gənc nəslin Azərbaycan ilə Afrika dövlətləri arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Prorektor, həmçinin nümayəndə heyətini universitetdə təhsil alan Qambiya və Əlcəzairdən olan tələbələrlə tanış edib. Universitetdə Afrika qitəsinin altı ölkəsindən - Nigeriya, Zambiya, Qambiya, Sudan, Somali və Efiopiyadan on tələbə oxuyur. Ümumilikdə isə ADA Universitetində dünyanın 46 ölkəsindən 100-dən çox xarici tələbə təhsil alır.

ADA Universitetinin dünyanın bir çox ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan F.İsmayılzadə gələcəkdə bu cür əlaqələrin daha da genişləndiriləcəyini bildirib.

Pan-Afrika Parlamentinin nümayəndə heyəti ADA Universitetinin tədris kompleksləri və kitabxanası ilə də tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.