DÜNYA


Pandemiya İsveçrənin qol saatı ixracına ağır zərbə vurub

Bern, 28 yanvar, AZƏRTAC

Koronavirus pandemiyası 2020-ci ildə dünyanın əksər ölkələri kimi İsveçrənin də ixracına böyük zərbə vurub və ölkə ixracının əsas sektoru olan qol saatları sənayesində ciddi geriləmə müşahidə edilib.

AZƏRTAC xəbər verir ki, ölkənin ixracı ötən il 7,1 faiz azalaraq 225,1 milyard İsveçrə frankına düşüb, idxal isə 11,2 faiz azalıb və 182,1 milyard frank təşkil edib. İsveçrə Federal Gömrük İdarəsinin məlumatına görə, keçən ilin ikinci rübü idxal-ixrac əməliyyatları üçün ən çətin dövr olub, üçüncü və dördüncü rüblərdə vəziyyət nisbətən sabitləşib.

İdarənin məlumatında göstərilir ki, hər iki istiqamətdə (idxal və ixrac) dövriyyə ötən il 2009-cu ilin səviyyəsinə düşüb. İxrac sahəsində bütün məhsullarda geriləmə baş versə də, kimyəvi və əczaçılıq mallarının dövriyyəsində artım olub (1,8 milyard frank). İxracda ən böyük zərbə isə saat və bijuteriya sənayesinə, eləcə də zərgərlik məhsulları sektoruna dəyib. Hər il İsveçrə təxminən 20 milyon saat ixrac etsə də, ötən il bu göstərici azı 22 faiz azalıb. Bu zəifləmə ikinci dünya müharibəsindən sonra ən pis nəticə hesab edilir. Keçən ilin sonlarına doğru Çin bazarına ixracat hesabına göstəricilər nisbətən yaxşılaşıb və illik ixracat 17 milyard frank təşkil edib.

Maşınqayırma və elektronika sənayesi məhsullarının ixracatı isə müvafiq olaraq 11 faiz aşağı düşüb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.