ELM VƏ TƏHSİL


Pandemiya dövründə Mərkəzi Elmi Kitabxanada ən çox tələb olunan ədəbiyyatlar

Bakı, 22 sentyabr, AZƏRTAC

Ölkədə koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) da bir çox müəssisələr kimi oxucularına elektron (onlayn) xidmət göstərir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində kitabxananın zəngin fondlarına əsas müraciət AMEA-nın elmi-tədqiqat institutlarından, həmçinin tədqiqat işi aparan alimlər, ali məktəb müəllimləri, tələbələr və müxtəlif sahələrdən olan geniş oxucu kütləsi tərəfindən edilib. MEK tərəfindən biblioqrafik sorğu, sənədlərin sifarişi, virtual sərgi, metodiki xidmət, elektron sifariş kimi onlayn xidmətlər oxucular üçün aktivdir və bu proses davam edir.

Oxucular onlara lazım olan resursları kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. MEK-in virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq elektron resursdan istifadə edə bilirlər.

Mərkəzi Elmi Kitabxananın Xidmət şöbəsinin müdiri Ofeliya Yunusovanın verdiyi məlumata əsasən, pandemiya dövründə kitabxanaya edilən müraciətlərin statistikasına nəzər saldıqda daha çox elmi-tədqiqat mərkəzləri tərəfindən elmi araşdırmalarla bağlı müraciətlər üstünlük təşkil edib. Elmi əsərlər jurnallarına, siyasi, tibb, tarix və xarici ədəbiyyatlara, xüsusilə türk ədəbiyyatlarına ehtiyac yaranıb. 44 günlük Vətən müharibəsi dövründə qazanılan şanlı Qələbəmizlə əlaqəli qəzet və jurnal materiallarına və digər nəşrlərə müraciətlər olunub. “Nizami Gəncəvi İli”ndə oxucular tərəfindən dahi şairin yaradıcılığına məxsus kitablara maraq daha da artıb. MEK-ə edilən müraciətlər arasında müxtəlif yaş kateqoriyasında olan oxucular, xüsusilə gənclər bədii kitablara daha çox üstünlük veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.