REGİONLAR
“Pandemiya dövründə ana arı əldə etmək modern arıçılar üçün problem olmayacaq” – qazaxlı arıçı VİDEO
Qazax, 27 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Arıçılığı inkişaf etdirmək üçün cins ana arıların yetişdirilməsi vacib şərtlərdəndir. Ölkəmizdə yerli cinslər olmasına baxmayaraq, hər il xaricdən ana arıların gətirilib satışı həyata keçirilir. Əsasən yaz aylarından gətirilən bu arıların indi pandemiya üzündən satışına rast gəlinmir. Bu da arıları ixrac edən ölkələrdə pandemiyaya görə karantin rejiminin tətbiqi ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, yerli arıların ildən-ilə cırlaşaraq məhsuldarlığının azalması arıçıları yeni üsullardan istifadəyə sövq edir. Əvvəllər yerli arı yetişdirən arıçılar son illər xaricdən seleksiya yolu ilə yetişdirilmiş təmiz qanlı ana arılar alırlar. “Bakfast”, “Karnika”, “Karpat” kimi məhsuldar cins ana arılar ölkəmizə xaricdən idxal edilir. Ana arılar ölkəmizə adətən hər il Gürcüstan və Rusiyadan, qismən Türkiyə və Almaniyadan gətirilir. Onların satışı elə ilin bu vaxtları reallaşırdı. İndi isə bu ana arılar koronavirusa görə dünyada tətbiq edilən karantin rejimi səbəbindən ixrac olunmur.
Təcrübəli arıçılar vəziyyətdən çıxış yolunu tapıblar. Uzun illərdir arıçılıqla məşğul olan qazaxlı arıçılar deyirlər ki, əvvəlki illərdən məhsuldar ana arı cinsləri əllərində olduğundan bu il onlar üçün çətinlik olmayacaq. “Bizim bir çox arıçılarımız var ki, seleksiya olunmuş arı nə deməkdir, heç o haqda məlumatları yoxdur. Söhbət modern arıçılığı izləyən, onunla məşğul olan arıçılardan gedirsə, bizim üçün problem olmayacaq. Ümid edirəm ki, seleksiya olunmuş arılarla bu il məhsul götürə biləcəyik”, – deyə arıçı İbrahim Qurbanlı bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində Arıçılıq Mərkəzi inşa olunur. Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri arıçılıqda damazlıq seleksiya işlərinin aparılması olacaq. Kompleksdə, həmçinin damazlıq arıların yetişdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda may balının süzümünə başlanılıb. Bəzi arıçılar isə artıq aran hissədə nektarın az olması səbəbindən pətəklərini çiçəklərin daha çox olduğu ərazilərə aparıblar.