Pandemiya fasiləsindən sonra Macarıstanda yenidən “Qurman festivalı” keçiriləcək
AzerTAg.az
Budapeşt, 14 may, AZƏRTAC
Bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində kulinariya festivalı keçirilib.
AZƏRTAC tərəfindən geniş işıqlandırılan festival xaricdə rezonans doğurdu. İndi isə estafeti Macarıstan paytaxtı qəbul edir. Mayın 27-dən 29-dək Dunay çayının qərb sahilində (Budada) yerləşən “Millenaris” parkında sayca onuncu “Qurman festivalı” keçiriləcək. Festivalın sponsoru əvvəllər olduğu kimi, “OTP Bank”dır. Burada ölkənin ən tanınmış kulinar ustadları, eləcə də populyar restoranlar, şərab və qənnadı istehsalçıları təmsil ediləcək.
Qeyd etmək yerinə düşər ki, onuncu festival 2020-ci ilin yazında təşkil olunmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.
İndiki festivalda iştirak etmək üçün ən əsas şərt məhz şəxsi reseptlərdən orijinal adlarla olan yeni təamları ziyarətçilərin ixtiyarına buraxmaqdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xəbərin mətnində orfoqrafik səhv var