İDMAN


Pandemiya ilə əlaqədar Formula 1-də azarkeşlərlə bağlı problem hələ də öz həllini tapmayıb

Bakı, 30 aprel, AZƏRTAC

Koronavirus pandemiyası ilə əlaqədar Formula 1-də azarkeşlərlə bağlı problem hələ də öz həllini tapmayıb. Müxtəlif Qran-prilərin təşkilatçıları avtodromların qapısını avtoidman həvəskarlarının üzünə açmağa çalışsa da, planı həyata keçirmək mümkün olmur.

AZƏRTAC xəbər verir ki, 2020-ci ildə avtodromlara azarkeş buraxılmasa da, bu mövsüm tilsimi qırmaq üçün imkanlar var. Xüsusən də, vaksinasiya prosesindən sonra planı həyata keçirmək asanlaşıb. Amma müəyyən ölkələrdə epidemioloji vəziyyəti hələ də nəzarət altında saxlamaq olmur. Bu da qapısını azarkeşlərin üzünə açmaq istəyən Qran-Pri təşkilatçılarını çətin vəziyyətə salır. Bir neçə ay əvvəl Monako Qran-Prisinin rəhbərliyi bilet satışı həyata keçirəcəyini açıqlasa da, hazırda Fransada epidemioloji vəziyyətin acınacaqlı olması onları geri çəkilməyə məcbur edir. Fransa mətbuatının yazdığına görə, artıq təşkilatçılar bu planı ləğv etmək haqda fikirləşirlər. Azarkeşləri yenidən tribunalara cəlb etmək üçün təşkilatçılar yarışdan sonra “Ferrari”nin pilotu Şarl Lekleri doğma publika ilə görüşdürmək qərarına da gəlmişdi. Bilet satışı ləğv edilsə, bunu həyata keçirmək mümkün olmayacaq.

ABŞ-ın Ostin şəhərində keçiriləcək Qran-Prini azarkeşlərin izləməsi ilə bağlı hazırlıq gedir. Oktyabrın 24-də keçiriləcək yarış üçün biletlər satışa çıxarılıb. Amerika mətbuatının məlumatına görə, bir biletin qiyməti 189 dollardır. Təşkilatçılar Qran-Pri zamanı şou proqram da hazırlamaq fikrindədir. Hətta 6 dəfə Qremmi mükafatının qalibi olan Billi Coel də Qran-Pri çərçivəsində konsert verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.