CƏMİYYƏT


Pandemiya ilə mübarizədə yeni mərhələ: minnətdarlıq və məsuliyyət

Bakı, 23 may, AZƏRTAC

Prezident İlham Əliyevin koronavirusla mübarizə istiqamətində apardığı genişmiqyaslı və məqsədyönlü iş xalqımızın bu qlobal bəladan müqayisəolunmaz dərəcədə az itkilərlə çıxmasını təmin edib, ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb, postpandemiya dövrünün strategiyasını meydana qoyub. Qoşulmama Hərəkatına üzv dövlətlərin və türk dövlətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilmiş onlayn Zirvə toplantıları müstəqillik dövrü Azərbaycan tarixinin silinməz səhifələrinə çevrilib.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin mövzu ilə bağlı qeydlərini təqdim edir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi gündəlik məlumatlar və açıqlamalar koronavirusla mübarizə proseslərinin tənzimləndirilməsi və istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Operativ Qərargahın bu günlərdə pandemiya ilə mübarizənin iyun ayından başlayacaq yeni mərhələsi haqqında səsləndirdiyi məlumatlar və proqnozlar qarşıda duran vəzifələrin müəyyən edilməsinə hesablanmış mühüm qərarlardır. Xalqımız və idarəetmə strukturlarımız gələcək fəaliyyətini Operativ Qərargahın müəyyən etdiyi tədbirlər əsasında məsuliyyətli şəkildə qurmaqla pandemiya dövrünün növbəti mərhələsindən də şərəflə çıxa bilər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni məlumatlarında beynəlxalq və yerli aviareyslərin açılacağı haqqındakı məlumatlar xalqımızda koronavirusla mübarizdən çıxmaqda olduğumuza dair böyük inam və ümid yaradır.

Nəzərdə tutulan tədbirlər koronavirusla mübarizənin davam etdirilməsi ilə paralel olaraq, respublikamızda sosial-iqtisadi proseslərin işə salınmasına, normal həyat ritmlərinin təmin edilməsinə imkan yaradacaqdır. Bu isə öz növbəsində koronavirusla mübarizənin mərhələli şəkildə başa çatdırılmasına hazırlıq kimi də mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikasının əhalisi Operativ Qərargahın Bakı-Naxçıvan aviareysinin açılacağı haqqındakı məlumatını böyük razılıq hissi ilə qarşılayırlar. Uzun illərdən bəri çətin blokada şəraitində yaşamağın imtahanlarını vermiş Naxçıvan Muxtar Respublikasında paytaxtla aviareysin bərpa olunması pandemiya dövrünün yaratdığı əlavə çətinliklərdən qurtarmaq baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Muxtar respublikanın ölkəmizin paytaxtı ilə yeganə çıxış yolu olan hava nəqliyyatından istifadəsinin bərpa olunması pandemiya dövrünün yaratdığı sosial-iqtisadi, mənəvi-psixoloji problemlərin aradan qaldırılmasına əməli dəstəyin ifadəsi olacaq.

Hesab edirik ki, Bakı-Naxçıvan aviareyslərinin həftədə iki-üç dəfə uçuşunu təmin etməklə muxtar respublika ilə əlaqə baxımından yaranmış çətinliklərin aradan qaldırılması mümkün ola bilər.

Ümid edirik ki, Bakı-Naxçıvan aviareysinin açılması koronavirusla mübarizənin yaxın zamanlarda başa çatmaqda olmasının müjdəsinə çevriləcək.

Ümumiyyətlə, gündəlik həyatımızın bütün sahələrində, o cümlədən beynəlxalq və yerli aviareyslərin açılması şəraitində koronavirusla mübarizənin tələblərinə tam əməl edilməsi xalqımızın diqqət mərkəzində olmalıdır.

Bütövlükdə Azərbaycan xalqı, ölkəmizin ziyalıları, o cümlədən Naxçıvan Muxtar Respublikasının əhalisi Prezident İlham Əliyevə müstəqil dövlətimizin bütün sahələrində, həmçinin pandemiya ilə mübarizə istiqamətində apardığı qətiyyətli və müdrik siyasətin həyata keçirilməsində daha böyük uğurlar arzulayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.