CƏMİYYƏT


Pandemiya şəraiti ilə əlaqədar olaraq ictimai iaşə müəssisələrində nəzarət tədbirlərinin miqyası genişləndirilir

Bakı, 4 may, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir. Bununla əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən hazırda ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində nəzarət tədbirləri həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, xəstəliyə yoluxma riskini aradan qaldırmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar-gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı ilə təmin edilməlidir. Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır. Vətəndaşlardan ictimai iaşə müəssisələrində qaydalara əməl edilmədiyi halları ilə rastlaşdıqda bu barədə agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.