CƏMİYYƏT


Pandemiya şəraitində Azərbaycandakı mövcud vəziyyət “omikron” variantının təsirlərindən daha az zərərlə çıxmağa əminlik yaradır

Bakı, 22 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Son iki ildə Azərbaycan iki düşmənlə genişmiqyaslı mübarizə aparıb. Onlardan biri üzərində böyük Qələbə çalınsa da, ikinci düşmən – COVID-19 virusuna qalib gəlmək nəinki ölkəmizdə, hətta dünya miqyasında belə mümkün olmayıb. Bununla belə, Azərbaycan bu virusa qarşı təxirəsalınmaz və səmərəli tədbirlər həyata keçirən, pandemiya müddətində uğur qazanan ölkədir. Təsadüfi deyil ki, iki il bundan əvvəl pandemiya ilə mübarizə sahəsində əksər ölkələr Azərbaycana nümunə göstərilirdisə, bu gün bu virusla mübarizədə Azərbaycan dünya ölkələrinə bir nümunədir.

Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də ayrı-ayrı ölkələrin apardıqları mübarizəyə baxmayaraq, pandemiya hələ ki, davam edir və virus mutasiya edərək yeni-yeni ştamlar qazanır. Azərbaycan səhiyyəsi artıq bu virus haqqında müəyyən biliklərə malik olsa da, törəyən hər bir ştam daşıdığı yeni əlamətləri ilə dövlət və cəmiyyət üçün müəyyən təhdidlər yaradır. Belə bir şəraitdə operativ tədbirlərin görülməsi, ölkə vətəndaşlarının həyatının qorunması Azərbaycan dövləti və hökuməti tərəfindən ciddi tədbirlərin həyata keçirilməsini zəruri edir.

Təəssüf ki, aparılmış bütün profilaktik tədbirlərə baxmayaraq, gözəgörünməz düşmənin yeni mutasiya variantı olan “omikron” ştamı və onun əlamətləri Azərbaycanda da aşkar edilmişdir. ÜST tərəfindən koronavirus pandemiya elan olunduğu vaxtdan bu günədək Azərbaycanda həyata keçirilmiş tədbirlər onu deməyə əsas verir ki, virusun bu ştamına qarşı da görülən işlər səmərə verəcək və ölkəmiz bu sınaqdan da uğurla çıxacaq.

İlkin müşahidələr onu göstərir ki, COVID-19 virusunun “omikron” variantı özündən əvvəlki ştamlardan daha az öldürücülük gücünə malik olsa da, yoluxma tempinə görə daha sürətlidir. Bununla belə, Azərbaycan dövlətinin pandemiya müddətində həyata keçirdiyi tədbirlər bu ştamı da əvvəlkilər kimi nəzarətdə saxlamağa və daha az itkilərlə qarşısını almağa müəyyən əminlik yaradır.

Təəssüf ki, indiyədək heç bir ölkə, o cümlədən Azərbaycan bu virusun öldürücülük təsirinin qarşısını tam ala bilməyib. Bununla belə, xüsusilə Prezident İlham Əliyevin Azərbaycan hökuməti qarşısında qoyduğu tapşırıq və verdiyi tövsiyələr, pandemiya ilə mübarizə şəraitində həyata keçirilmiş tədbirlər Azərbaycan vətəndaşlarının həyatının xilasında xeyli səmərəli olub.

Təsadüfi deyil ki, MDB məkanında ilk dəfə Azərbaycanda ötən il yanvarın 18-dən başlayaraq peyvəndləməyə start verilib. Bu, həmin vaxt Azərbaycan dövləti tərəfindən öz vətəndaşlarının sağlamlığının qorunması üçün həyata keçirilən ən ciddi və mühüm məsələlərdən biri idi. Çünki həmin vaxt vaksinin istehsalına yenicə başlanması, tələbin daha çox olduğu bir vaxtda, xüsusilə də inkişaf etmiş bir sıra ölkələrin bəşəriyyətin gələcəyini ciddi təhlükə ilə qarşı-qarşıya qoyaraq, bilərəkdən ədalətsiz mövqe nümayiş etdirməsi vaksinlərin əldə olunmasında böyük problem yaratmışdı. O vaxt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə vaksinlərin dövlətlər üzrə bölgüsündə qeyri-humanist və ədalətsiz bölgüsünün yolverilməz olduğunu bildirmiş, bununla bağlı dünya birliyinə çağırış etmişdi. Buna baxmayaraq, bəşəriyyəti ciddi təhlükə qarşısında qoyan bu ədalətsizliyin qarşısını almaq hələ də mümkün olmamışdır. Həmin dövrdəki bütün çətinliklərə baxmayaraq, vaksinlərin Azərbaycana gətirilməsi və zəruri tədbirlər həyata keçirildikdən sonra təcili peyvəndlənməyə başlanılması nəticəsində milyonlarla ölkə vətəndaşını yoluxmadan qorumaq, yaxud virusun ölümcül təhlükəsindən qorumaq mümkün olmuşdur.

İnkişaf etmiş bir sıra ölkələrin əvvəlcədən vaksinlərin digər dövlətlərə çatdırılmasına bilərəkdən yaratdıqları çətinliklərə baxmayaraq, Azərbaycan qardaş Türkiyə dövlətinin köməyi ilə “Sinovac” peyvəndinin ölkəmizə gətirilməsinə nail ola bildi. Bu gün isə Azərbaycanda həm “Sinovac”, həm də “Pfizer” vaksinləri istifadə olunur.

İndi Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 70 faizə yaxını vaksinin hər iki dozasını alıb. Eyni zamanda, milyon yarımdan çox vətəndaş peyvəndin buster dozasını qəbul edib. Peyvəndləmə ilə əlaqədar həyata keçirilmiş tədbirlər müsbət nəticəsini verməkdədir. Ölkəmizdə xüsusi karantin rejimi davam etsə də, həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə xəstəlikdən sağalanların sayının virusa yoluxanları üstələməsi nəticəsində məhdudiyyətlər minimuma endirilib.

Hazırkı şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlər deyil, həm də ölkə vətəndaşlarının məsuliyyət hissinin yüksək olması, müəyyənləşdirilmiş qaydalara daha ciddi riayət edilməsi pandemiyadan daha az fəsadlarla və itkilərlə çıxmağa kömək edə bilər. Əks halda, yoluxma və ölüm hallarının statistikasındakı artım dinamikası yenidən sərt karantin qaydalarının tətbiqini zəruri edər ki, bu şəraitin bir tərəfdən insanların həyatını müəyyən qədər xilas etsə də, digər tərəfdən iqtisadi fəallığı aşağı salar, cəmiyyətdə isə digər sosial və psixoloji problemlərin yaranmasına səbəb olar.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin səhiyyə sahəsində imkanlarının genişlənməsi – ölkədə modul tipli xəstəxanaların açılması, ümumilikdə ölkə üzrə 46 xəstəxananın, o cümlədən ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş “Yeni Klinika” tibb müəssisəsinin COVID-19 xəstələrinin istifadəsinə verilməsi bu virusa yoluxan xəstələrin müalicəsində müsbət nəticəsini verib. Təsadüfi deyil ki, bu gün bir çox ölkələrin xəstəxanaları çarpayı çatışmazlığı səbəbindən COVID-19 xəstələrini qəbul də bilmədiyi halda, Azərbaycanda analoji problem yaşanmır. Hazırda Azərbaycanda koronavirus xəstələri üçün 10 min çarpayı var ki, onların yalnız 10 faizi doludur. Bir tərəfdən peyvəndləmə prosesinin ölkə miqyasında sürətli tətbiqi, yoluxan xəstələrdə ağırlaşma hallarının az müşahidə edilməsi, digər tərəfdən isə COVID xəstəxanalarının və çarpayı sayının çoxluğu sayəsində Azərbaycanda bu sahədə ciddi problem yaşanmır.

Yalnız koronavirus xəstəxanaları deyil, tibb müəssisələrində yaradılmış və ən müasir avadanlıqlarla təchiz edilmiş reanimasiya otaqları da bu xəstəliyi ağır keçirənlərin müalicəsinin davam etdirilməsində və onların həyata qaytarılmasında çox böyük əhəmiyyətə malikdir. Hazırda Azərbaycanda reanimasiya yerlərinin ümumi sayı 875-dir. Hazırda həmin yerlərdən yalnız 26 faizi doludur ki, bu da yaxşı göstərici hesab olunur.

COVID-19 virusu ilə mübarizədə Azərbaycanın başqa dövlətlərlə müqayisədə digər üstünlüyü ondan ibarətdir ki, ölkə üzrə bütün proseslər koordinasiyalı şəkildə vəziyyətə uyğun idarə olunur. Məhz virusun yayılma dinamikasından asılı olaraq müəyyən məhdudiyyətlər tətbiq edilir, yaxud həmin məhdudiyyətlər aradan qaldırılır. Həyata keçirilən operativ tədbirlər isə müsbət nəticələrini verir. Hazırda Azərbaycan üzrə peyvəndləmə prosesi heç bir ləngimə və yaxud maneə olmadan tətbiq edilir. Ölkə vətəndaşları yaxşı dərk edirlər ki, gözəgörünməz düşməndən qorunmaq, həm özünü, həm də doğmalarını və əzizlərini bu ölümdən xilas etmək üçün hələlik peyvənddən təsirli vasitə yoxdur. Peyvəndlənmiş insanlar arasında yoluxmanın, yaxud ölüm hallarının azlığı, hətta ən yeni – “omikron” ştamına yoluxmuş insanların belə bu xəstəlikdən bir neçə günə, həm də heç bir ağırlaşma hiss etmədən sağalması bu fikirləri bir daha təsdiqləyir. Ölkə üzrə milyonlarla insanın vaksin qəbul etməsinə baxmayaraq, peyvəndləmədən sonra bu günə qədər heç bir vətəndaşda hər hansı ağırlaşma və ya ölüm halı qeydə alınmayıb. Bütün bunlar bir daha sübut edir ki, vətəndaşlar əvvəla özlərini yoluxmadan qorumalı, eyni zamanda, COVID-19 virusunun ölümcül təsirindən xilas olmaq üçün sağlamlıqlarının zəmanəti kimi peyvənd olunmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.