İQTİSADİYYAT


Pandemiya zamanı davamlı iqtisadi dəstək paketləri reallaşdıran Azərbaycan postpandemiya dövrü üçün dayanıqlı zəmin hazırlayır

Bakı, 16 iyul, Nihad Budaqov, AZƏRTAC

Koronavirus pandemiyası şəraitində hazırda qlobal iqtisadiyyat 1929-cu ildəki “Böyük depressiya”dan sonra ən böyük geriləməni yaşayır. Dünya iqtisadiyyatının əsas tərkib hissəsi olan karbohidrogen resurslarının qiymətindəki volatillik, hətta apreldə neftin qiymətinin mənfiyə enməsi, eləcə də aviasiya əlaqələrinin dayanmasının təsiri ilə turizm sektorunun çökməsi iqtisadiyyatı sadalanan amillərdən asılı olan ölkələrə mənfi təsir edir.

Dünya İqtisadi Forumu (WEF) yeni növ koronavirusla bağlı mövcud vəziyyəti qlobal tənəzzül adlandırıb və bunu ən böyük narahatlıq doğuran məqam kimi izah edir. Qarşıdakı müddətdə dünyada ən böyük narahatlıq doğuran məqam sözsüz ki, COVID-19 pandemiyası səbəbindən uzunmüddətli qlobal tənəzzüldür.

Risk menecerləri gənclər arasında işsizliyin artmasını, pandemiyanın “ikinci dalğası”nı, böyük iqtisadiyyatlarda maliyyə vəziyyətinin zəifləməsini, bəzi ölkələrdə sənayenin və ya sektorların tamamilə sağlamlaşdırılmaması, iri şirkətlərin və KOB-ların iflas səviyyəsinin artması və şirkətlərin satın alınması ilə bir-birinə birləşməsi tendensiyası kimi amilləri pandemiyanın fəsadları olaraq göstərirlər.

WEF-in ekspertlərinə görə, qlobal tədarük zəncirində uzunmüddətli pisləşmə gözlənilir, dünya ekoloji, sosial və texnoloji risklərin geniş zəncirvari təsirinə hazır deyil. Ətraf mühitin qorunması üçün hədəflərin epidemiya səbəbindən arxa planda qalma riski var və hökumətlərin “yaşıl iqtisadiyyatın bərpası” üçün çalışması zəruridir.

Pandemiya dövründə bir çox bizneslər öz həcmini kiçildir və ya ümumiyyətlə bağlanır. Pandemiya bir növ bizneslərin dözümlülük yarışmasıdır. Depressiv əhvala qapılanlar və maliyyə itkisi ilə üzləşənlər isə bu sektorun uduzanları, son nəticədə isə müflis olanlarıdır.

Buna dünyanın məhəng brendləri də aiddir. Dünyanın dəyərinə görə seçilən şirkətlərindən olan “Apple” ABŞ-dakı mağazalarını bağlamaqda davam edir. Pandemiya dövründə “Apple”nin bağlanan mağazalarının sayı 77-yə çatıb. “Victoria Secret”, “Inditex Group” (“Zara”, “Massimo Dutti”) kimi şirkətlər satışların azalmasından əziyyət çəkir və nəticədə öz mağazalarını bağlayır.

Prezidentlərin və məşhur bankirlərin geyimlərini hazırlamaqla tanınan və keçən il təxminən 1 milyard dollar gəlir əldə edən ABŞ-ın 200 yaşlı “Brooks Brothers” şirkəti də iflas üçün məhkəməyə müraciət edib. 1818-ci ildə qurulan və ölkənin ilk hazır geyim markası olan “Brooks Brothers” koronavirus pandemiyasının işlərinə mənfi təsir etdiyini və bu səbəbdən 500-dən çox mağazasından 250-ni bağlayacağını açıqlayıb.

Bu dövrdə dözümlülük və ağıllı manevr edən şirkətlər isə udur. Buna misal olaraq “Zoom” videokonfrans platformasını göstərmək olar. Belə ki, şirkətin bazar dəyəri ilk dəfə 50 milyard dolları ötüb. İnvestorların koronavirus pandemiyası zamanı bu proqramdan istifadənin artmasının uzunmüddətli mənfəət artımına səbəb olacağını gözlədiyi üçün şirkətin səhmlərini alması nəticəsində “Zoom”un səhmləri cari ildə 160 faizdən çox dəyər qazanıb. Şirkətin səhmlərinin dəyəri hazırda “Zoom”un təxmini mənfəətindən 55 dəfə artıqdır. “Bloomberg”in milyarderlər indeksinə görə, “Zoom” şirkətinin təsisçisi və icraçı direktoru Eric Yuanın sərvəti 800 milyon dollar artaraq 9,3 milyard dollara çatıb.

Pandemiya ilə bağlı yaranmış vəziyyət digər ölkələrin olduğu kimi, Azərbaycanın da iqtisadiyyatına təsirsiz ötüşməyib. İlin ilk 4 ay ərzində ölkədə iqtisadi artım müşahidə olunub. Lakin may-iyun aylarından sonra iqtisadiyyat bir qədər tənəzzülə uğrayıb. Yarım ildə ümumi daxili məhsul istehsalı 2,7 faiz azalıb. İlin ilk 5 ayında inflyasiya səviyyəsi 2,9 faiz olub.

İstehlak tələbinin azalması, bunun nəticəsində neft və neft məhsullarının qiymətlərinin enməsinin cari ildə ölkə iqtisadiyyatı üçün mənfi fəsadlar törətməsinə baxmayaraq, büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra olunub. Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib. Büdcədə 292 milyon manat və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb. Həmçinin dövlət investisiya proqramı çərçivəsində investisiya layihələrinin həyata keçirilməsi üçün ayrılmış vəsaitin 44,3 faizinin və yaxud 1 milyard 835 milyon manatının maliyyələşdirilməsi təmin edilib

Cari ilin 6 ayında neftin orta aylıq qiymətinin 38 dolları təşkil etməsi, “OPEC+” sazişi çərçivəsində satış üzrə neft xərclərinin azalması və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunması qaçılmaz olan karantin və digər məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsirləri ilin sonuna həm neft gəlirlərinin, həm də qeyri-neft sektoruna daxilolmaların azalmasını şərtləndirir.

Bütün bu proseslər fonunda ölkədə pandemiyadan zərərçəkən sahələrə dəstək paketləri reallaşdırılır. Pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək mexanizmi vasitəsilə büdcədən 1 milyard manat vəsait ayrılıb və ümumi dəstək paketinin məbləği 3,5 milyard manata çatdırılıb.

İlk növbədə pandemiyadan zərərçəkmiş sahibkarlara birbaşa verilən kompensasiyalar verilir. Belə ki, 6 ayda muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Həmçinin fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib.

Bundan başqa, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bunlar postpandemiya dövründə iqtisadi artıma dəstək verə biləcək sahələri əhatə edir. Həmin mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7 faiz təşkil edir.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kiçikhəcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, ortahəcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.

Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60 faizədək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir.

Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 2020-ci il martın 10-dək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir.

Qeyd olunan mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması (www.e-edf.gov.az) vasitəsilə həyata keçirilir.

Bütün bu görülən tədbirlər onu deməyə əsas verir ki, qarşıdakı dövrdə qeyri-neft sektoru ilə bağlı tədbirlər davam etdiriləcək. Bu da imkan verəcək ki, Azərbaycan növbəti aylarda, xüsusən postpandemiya dövründə əsas iqtisadi artımı qeyri-neft sektoru hesabına formalaşdıra bilsin . Bu, iqtisadiyyatın inklüzivliyi və dayanıqlılığı baxımından çox vacibdir. Azərbaycanda dərinləşdirilmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə var. Bu isə növbəti dövrlərdə də iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı ilə bağlı dərinləşdirilmiş islahatların davam edəcəyindən xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.