İQTİSADİYYAT


Pandemiyadan zərərçəkmiş sahələrə dövlət büdcəsindən 533 milyon manatdan çox maliyyə dəstəyi göstərilib

Bakı, 21 may, AZƏRTAC

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, nəzərdə tutulmuş sahələr üzrə dövlət büdcəsindən maliyyə vəsaitlərinin ayrılması davam etdirilir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 19-na 2020-ci il dövlət büdcəsinin xərclərində koronavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə 533 milyon 257 min manat ayrılaraq maliyyələşməsi təmin olunub. Tədbirlər Planının iqtisadi artıma və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi həyata keçirilir, o cümlədən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsaitin ayrılması icra olunub. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib. Ümumilikdə qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 milyon 757 min manat həcmində vəsait ödənilib.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 milyon manat vəsaitin köçürülməsi başa çatdırılıb, həmçinin işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 15 milyon manat vəsait ayrılıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu məqsədlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin 244 milyon manatlıq hissəsi Maliyyə Nazirliyi tərəfindən tam təmin edilib.

Tədbirlər Planında nəzərdə tutulduğu kimi, iqtisadiyyatın həyati vacib sərnişindaşıma sahəsinə də maliyyə dəstəyi göstərilir. Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən bütün uçuşların dayandırılması və hava yolları şirkətlərinin gəlirlərinin böyük ölçüdə azalması ilə əlaqədar dünyanın istisnasız olaraq bütün aviaşirkətləri kimi “Azərbaycan Hava Yolları” QSC (AZAL) da böyük zərərlə qarşılaşıb. Artıq bir sıra aviaşirkətlər müflis elan edilib, əksəriyyəti isə dövlətləri tərəfindən dəstəklənir. Dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC-yə 86 milyon 900 min vəsaitin köçürülməsi təmin edilib. Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi, ilk növbədə, AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib.

Sərnişindaşıma sahələrdən biri olan “Bakı Metropoliteni” QSC-yə isə dövlət büdcəsindən 2 milyon 600 min manat ilkin maliyyə dəstəyi göstərilib və ictimai nəqliyyatın ən mühüm sahəsi olan metroya dəstək tədbirləri davam etdiriləcək.

Eyni zamanda, Tədbirlər Planında nəzərdə tutulduğu kimi, İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 milyon manat vəsait köçürülüb.

Tədbirlər Planında nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinin xətti ilə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 323 sahibkarlıq subyektində çalışan 4134 muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün 1 milyon 603 min manat, 6282 fərdi (mikro) sahibkara isə maliyyə yardımının edilməsi üçün 2 milyon 298 min manat maliyyə dəstəyinin göstərilməsi təmin edilir. Həmçinin dövlət büdcəsindən işsiz kimi qeydiyyata alınan şəxslərə dövlət dəstəyinin göstərilməsi məqsədilə 3 milyon 610 min manat, Naxçıvan Beynəlxalq Hava Limanının əməkhaqqı və digər əməliyyat xərclərinin qarşılanması, habelə şəhərlərarası və şəhərdaxili nəqliyyat xidməti sahəsində fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə maliyyə yardımının göstərilməsi üçün 1 milyon 242 min manat Muxtar Respublikanın Nazirlər Kabinetinə köçürülüb.

Pandemiyadan zərərçəkmiş bütün sahələrdə maliyyə dəstəyi və güzəştlər üzrə maliyyələşmə işləri Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.