CƏMİYYƏT
Pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər genişləndirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində nəzarət-profilaktik tədbirləri genişləndirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlərdə əsas məqsəd əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.
Polis əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilib.
Virusa yoluxma riskinin yüksək olduğu qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda, taksilərdə hərəkət iştirakçıları ilə aparılan fərdi profilaktik söhbətlərdə diqqətə çatdırılıb ki, noyabrın 23-27-də respublikamızda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən 747 sərnişin, taksi fəaliyyəti ilə məşğul olan və şəffaf arakəsmələrdən istifadə etməyən 90 sürücü barəsində inzibati protokol tərtib olunub.
Paytaxtda, eləcə də digər şəhər və rayonlarda xüsusi karantin qaydalarına əməl olunması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilən nəzarət-profilaktik tədbirlər davam etdirilir.