DÜNYA
Paolo Centiloni: İtaliya Avropa İttifaqındakı tərəfdaşlarından dərs almayacaq
Roma, 25 Iyul, AZƏRTAC
İtaliyanın Baş naziri Paolo Centiloni Vişeqrad qrupu ölkələrinin - Polşa, Çexiya, Slovakiya və Macarıstan liderlərinin İtaliyadan sığınacaq istəyən mühacirlər üçün “limanları bağlamağa” çağıran məktubundan sonra rəsmi Romanın Avropa İttifaqındakı tərəfdaşlarından dərs almayacağını bildirib.
AZƏRTAC İtaliyanın “ANSA” agentliyinə istinadla xəbər verir ki, Baş nazir Paolo Centiloni bu barədə deyib: “Avropa layihəsinə ortaq çıxdığımız tərəfdaşlarımızla, qonşu ölkələrlə həmrəyliyi tələb etmək hüququmuz var. Biz dərsləri qəbul etmirik və sözlərlə təhdid etmirik. Tələb edirik ki, Avropa şübhəli dərslər verməyərək bizimlə həmrəy olsun”.
Cümə günü Macarıstanın Baş naziri Viktor Orban Vişeqrad qrupu ölkələrinin liderlərinin Baş nazir Paolo Centiloniyə məktub yazaraq Romadan sığınacaq istəyən mühacirlər üçün limanları bağlamağa çağırdığını bildirib. Vişeqrad qrupu ölkələrinin liderləri məktubda qeyd ediblər ki, köçkünlər iqtisadi mühacirlərdən fərqlənməlidirlər. Hərb variantını da istisna etməyən Baş nazir Viktor Orban problemin Liviyada həll olunmasının vacibliyini vurğulayıb.
Beynəlxalq Miqrasiya Təşkilatı Avropadakı 111 min 514 köçkünün 85 faizinin – 93 min 369-nun carı il iyulun 19-dək dəniz yolu ilə İtaliyaya gəldiyini bildirib. Təşkilat, həmçinin Aralıq dənizini keçməyə çalışan 2360 miqrantın dənizdə həlak olduğunu açıqlayıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma