İDMAN
Paracüdoçularımız beynəlxalq Qran-Pri yarışlarına uğurla start veriblər
Bakı, 13 may, AZƏRTAC
Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışı davam edir.
AZƏRTAC xəbər verir ki, kişilərin yarışında Vüqar Şirinli (60 kq) Meksika idmançısı Brayan Gerardo Aburto Beltrana qalib gəlib. Təmsilçimiz növbəti mərhələdə rusiyalı Zaur Cabrayılov ilə üz-üzə gələcək.
Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən milli komandamızın üzvü Namiq Abbaslı Portuqaliya idmançısı Migel Vieyranı, Ramil Qasımov (73 kq) isə yaponiyalı Takamasa Naqaini məğlub edib. Növbəti mərhələdə N.Abbaslı özbəkistanlı Utkirjon Niqmatov, R.Qasımov Ukrayna cüdoçusu Sergey Kotenko ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində isə cüdoçumuz Bəsti Səfərova (52 kq) Argentina idmançısı Dure Rosio Ledesmanı, Sevda Vəliyeva (57 kq) ABŞ təmsilçisi Marissa Arndtı üstələyərək növbəti mərhələyə adlayıblar. Növbəti mərhələdə hər iki idmançımızın rəqibləri Özbəkistan idmançıları olacaqlar. Belə ki, B.Səfərova Sevinc Salayevaya, S.Vəliyeva isə Pərvina Samandarova ilə qarşılaşacaqlar.