İDMAN
Paracüdoçumuz Rövşən Səfərov beynəlxalq Qran-Pri yarışlarının gümüş medalına sahib olub VİDEO
Bakı, 14 may, AZƏRTAC
Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında "Rio 2016" Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu Rövşən Səfərov gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini 3 saniyəyə ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Növbəti görüşündə də idmançımız Ukrayna təmsilçisi Aleksandr Nazarenkonuda 3 saniyəyə ipponla məğlub edərək finala yüksəlib. Finalda R.Səfərov İran idmançısı Vahid Nouriyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Heydər Əliyev adına İdman Sarayında keçirilən turnirdə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Qeyd edək ki, AZƏRTAC paracüdo üzrə Qran-Prinin media tərəfdaşıdır.