İDMAN
Paracüdoçumuz Rövşən Səfərov beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakı, 14 may, AZƏRTAC
Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında çıxış edən Azərbaycan idmançısı Rövşən Səfərov turnirin final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini 3 saniyəyə ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Növbəti görüşündə də idmançımız Ukrayna təmsilçisi Aleksandr Nazarenkonu 3 saniyəyə ipponla məğlub edərək finala vəsiqə qazanıb. Finalda R.Səfərov İran idmançısı Vahid Nouri ilə qarşılaşacaq.
Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır.
Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Qeyd edək ki, AZƏRTAC paracüdo üzrə Qran-Prinin media tərəfdaşıdır.