İDMAN


Paralimpiya Oyunlarında böyük uğur qazanan milli komandamızın üzvləri təltif olunublar - SƏRƏNCAM

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi, eləcə də milli Paralimpiya komandamızın üzvlərinin təltif olunmasına dair sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, XVI Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançı üçün 200 min, onun məşqçisi üçün isə 100 min manat məbləğində mükafat müəyyən edilib. İkinci yeri tutan hər bir idmançı 100 min, məşqçisi 50 min, üçüncü yeri tutan hər bir idmançı 50 min, məşqçisi isə 25 min manat məbləğində mükafatlandırılıb.

Dövlətimizin başçısının imzaladığı digər Sərəncamla Azərbaycan Milli Paralimpiya komandasının üzvləri orden və medallarla da təltif olunublar. Belə ki, Paralimpiya çempionları Elvin Astanov, Hamed Heydari və Raman Salei “Şöhrət”, Orxan Aslanov, Şəhanə Hacıyeva, Xanım Hüseynova, Vəli İsrafilov, Dürsədəf Kərimova, Hüseyn Rəhimli, Vüqar Şirinli, Lamiyə Vəliyeva, Sevda Vəliyeva və İlham Zəkiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Bundan başqa, 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 3 nəfər 3-cü dərəcəli “Əmək” ordenləri, 11 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.

Azərbaycan Prezidentinin növbəti Sərəncamı ilə XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə məşqçilərdən 3 nəfər – İlqar İbişov, Ramin İbrahimov və Fyodor Kirillov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Dövlətimizin başçısının imzaladığı digər Sərəncamla Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi də təltif edilib. Belə ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “Şöhrət”, Komitənin baş katibi Kamal Məmmədov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.