CƏMİYYƏT
Paralimpiya Oyunlarının çempionu İlham Zəkiyev Nərimanov rayonunun gəncləri ilə görüşüb
Bakı, 2 dekabr, AZƏRTAC
Bakı şəhəri Nərimanov rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Azərbaycanın Əməkdar İdman Ustası, ikiqat Paralimpiya Oyunları, ikiqat dünya və altıqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi, 6-cı dan sahibi, Qarabağ qazisi İlham Zəkiyev ilə rayon gənclərinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək İlham Zəkiyevin uğurları, eyni zamanda, idarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq ənənə halı aldığını və gənclərin hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvə olduğunu qeyd edib.
İlham Zəkiyev çıxış edərək bildirib ki, Azərbaycan idman dövlətidir. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verməkdədir.
Daha sonra Paralimpiya Oyunlarının çempionu gəncləri maraqlandıran sualları cavablandırıb.
Sonda İlham Zəkiyev “Gənclərin dostu” fəxri fərmanı ilə təltif olunub.