ELM VƏ TƏHSİL
Paris-Sorbon Əbu-Dabi Universitetinin professoru UNEC-in qış məktəbində
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 11-də Fransanın və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfirliklərinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri üçün qış məktəbinə başlanılacaq.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, qış məktəbinin məqsədi UNEC-in müəllimlərinin müasir tədris bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Qış məktəbində müasir kurikulum yaradılması, seminar və mühazirə dərslərinin strukturunun idarəedilməsi vasitələri, müasir İKT tətbiqləri olan “ePortfolios” və “Snagit”in dərslərdə istifadəsi, müəllimlərin liderlik və menecment bacarıqlarının, o cümlədən biliyin qiymətləndiirlməsi metodlarının təkmilləşdirilməsi, auditoriyanın interaktiv metodlarla idarəedilməsi mövzularında təlimlər təşkil olunacaq. Təlimləri Paris-Sorbon Əbu-Dabi Universitetinin professoru Rida Ballaik Hourani və Litz David Riçard keçəcəklər.
Təlimlərə qatılacaq 120 müəllim xüsusi kriteriyalara görə müəyyənləşdirilib. Onlar diferensial əməkhaqqı sisteminin və tələbələrin məmnunluq anketi sorğusunun nəticələrinə, eyni zamanda, “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsindəki reytinqinə və nizam-intizam qaydalarına görə seçiliblər.
UNEC-in Quba Tədris, idman və istirahət kompleksində təşkil olunacaq qış məktəbi dörd gün davam edəcək. Sonda iştirakçılara Paris-Sorbon Əbu-Dabi Universitetinin sertifikatları veriləcək.