SİYASƏT
Parisdə Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin növbəti iclası keçirilmişdir
Paris, 16 may (AZƏRTAC). Mayın 16-da Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin növbəti iclası keçirilmişdir.
Komitə üzvləri gündəliyə çıxarılmış Ukraynadakı və Rusiyadakı vəziyyət, Avropada cərəyan edən proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasla bağlı AZƏRTAC-a verdiyi müsahibəsində demişdir: Komitənin iclasında Azərbaycanla birbaşa bağlı olan hər hansı məsələ müzakirə edilməsə də, ölkəmizin bu toplantıda təmsil olunması çox vacib və əhəmiyyətli idi. Çünki iclasda bir çox önəmli məsələlər müzakirə olundu. Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri mayın 18-də ölkəmizə səfər edəcəklərini bildirdilər. Bundan əlavə, komitənin toplantısının Bakıda keçirilməsi də nəzərdə tutulmuşdur.
Ümumi fikir mübadiləsində Avropada gedən siyasi hadisələr və Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi rolu iclasda növbəti dəfə vurğulanmışdır. Azərbaycan bu sədrliyə çox məsuliyyətli, ciddi və yüksək səviyyədə hazırlıq prosesini keçmiş bir ölkə kimi dəyərləndirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris