ELM VƏ TƏHSİL
Parisdə Azərbaycan və Rusiya təhsil nazirləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər VİDEO
Paris, 14 noyabr, AZƏRTAC
Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyasının inklüzivlik və mobilliyə dair təhsil nazirləri panelində iştirak edən Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Elm və Ali Təhsil naziri Mixail Kotyukov ilə görüşüb.
Görüşdə Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov da iştirak edib.
AZƏRTAC xəbər verir ki, nazir Ceyhun Bayramov Bakı Dövlət Universitetinin 100 illiyinin milli, beynəlxalq, o cümlədən UNESKO səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb. Təhsil sahəsində aparılan islahatlardan söz açıb. Ölkəmizdə tədrisin rus dilində aparıldığı ümumtəhsil məktəbləri haqqında məlumat verib.
Görüşdə Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyətindən, eləcə də bu əməkdaşlıq çərçivəsində 2019-cu ilin iyul ayında ölkəmizdə təşkil olunmuş tələbə yay məktəbindən danışılıb.
Tərəflər iki ölkə arasında təhsil sahəsində birgə həyata keçirilmiş layihələr, əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris