SİYASƏT


Parisdə Azərbaycanın dostları şərəfinə ziyafət verilib VİDEO

Paris, 6 fevral, AZƏRTAC

Fransadakı səfirimiz Rəhman Mustafayev bu ölkənin paytaxtında səfirliyin Mədəniyyət Mərkəzində Azərbaycanın dostları şərəfinə Yeni il ziyafəti verib.

AZƏRTAC xəbər verir ki, ziyafətdə Fransanın parlamentariləri, ictimai və mədəniyyət xadimləri, Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, səfirliyin əməkdaşları iştirak ediblər.

Səfir çıxış edərək ölkəmizin fransız dostlarını salamlayıb, onlara yeni ildə uğurlar arzulayıb. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentinin 100 illiyinin təntənə ilə qeyd edildiyini xatırladıb, mədəniyyətimizlə bağlı layihələrin həyata keçirildiyini bildirib. İki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən danışıb.

Bu il Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinin qeyd ediləcəyini, bu istiqamətdə silsilə tədbirlər həyata keçiriləcəyini, mədəniyyətimizin tanıdılması istiqamətində layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb. Regionlararası əlaqələrin genişləndirilməsi, mədəniyyətimizin təbliği istiqamətlərində nəzərdə tutulan layihələrdən söz açıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Milli Assambleyanın deputatı Andre Vilye, Fransa Senatında Fransa-Azərbaycan dostluq qrupunun sədri Alən Uper, senator Jan-Mari Bokel çıxış edərək, tədbirə toplaşanların Azərbaycanın dostları olduğunu vurğulayıblar. Harada və necə olmasından asılı olmayaraq, onların ölkəmiz haqqında xoş sözlər söylədikləri, Fransada Azərbaycanın imicini, mədəniyyətini təşviq etdikləri qeyd edilib. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda qadınlara səsvermə hüququnun Fransadan çox əvvəl verildiyi diqqətə çatdırılaraq, onun Fransada təşviq edilməsi ilə bağlı görüləcək layihələrdən danışılıb. Parlamentarilər ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapmasını arzulayıb, bu ilin daha da uğurlu olacağına əminliklərini bildiriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.