SİYASƏT
Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib VİDEO
Paris, 23 dekabr, AZƏRTAC
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Fransanın paytaxtında yaşayan həmyerlilərimiz, tələbələr, yerli ictimai xadimlər və diplomatlar iştirak ediblər.
Bayram tədbirində diasporumuzun üzvləri qarşıda duran vəzifələri, Azərbaycan həqiqətlərinin təbliği yollarını müzakirə ediblər. Bildirilib ki, Azərbaycanı tanıtmaq, xüsusilə Dağlıq Qarabağ həqiqətlərini Fransa ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatları koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.
Tədbirdə ulu öndər Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində gördüyü işlər xüsusi vurğulanıb.
Bayram tədbirinə qatılan fransalı qonaqlar da ölkəmiz, onun inkişaf perspektivləri haqqında fikirlərini bölüşüblər.
Jan Kristof Bonar Azərbaycana uğurlar diləyərək, Fransa ilə ikitərəfli münasibətlərin daha da inkişaf etməsini, ölkəmizin daim müstəqilliyini qoruyub saxlamasını arzulayıb. “Biz azərbaycanlılar ilə həmrəyik, istəyirik iki ölkə arasında mədəniyyət, iqtisadiyyat və digər sahələrdə münasibətlər daha da genişlənsin və inkişaf etsin. Ölkələrimizin tərəqqisi üçün məhsuldar münasibətlər getdikcə daha da möhkəmlənsin”,- deyə Jan Kristof Bonar vurğulayıb.
Jan Klod azərbaycanlılara onu həmrəylik bayramlarına dəvət etdikləri üçün təşəkkürünü bildirib. O, belə bir gündə dostları arasında olmaqdan çox şad olduğunu söyləyib.
Jan Klod deyib: “Azərbaycanlılara bu həmrəylik bayramında tərəqqi, sülh, xoşbəxtlik arzulayıram. Azərbaycanlılar fövqəl insanlar, qüdrətli xalqdır. Bayramınız mübarək!”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris