DÜNYA
Parisdə “Eurosatory” müdafiə sənayesi sərgisi açılıb VİDEO
Paris, 14 iyun, AZƏRTAC
Parisdə müdafiə sənayesi üzrə “Eurosatory 2022” beynəlxalq sərgisi və bazarı 4 illik fasilədən sonra yenidən açılıb.
AZƏRTAC xəbər verir ki, hər iki ildən bir keçirilən “Eurosatory” beynəlxalq sərgisi və bazarında 63 ölkədən 1726 şirkət müdafiə və təhlükəsizlik sahələrində yeni innovativ texnologiyalarını nümayiş etdirir. Ümumilikdə, builki sərgi 140 ölkədən müdafiə və təhlükəsizlik sahəsində peşəkarları bir araya gətirir.
Həmçinin, bu il “Eurosatory” sərgisində 92 ölkədən 260 yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözlənilir. Müdafiə, təhlükəsizlik, daxili işlər, sənaye və infrastrukturun inkişafı üzrə 36-sı nazir, nazir müavini, dövlət katibindən ibarət, 50-si baş qərargah rəisi, 18 beynəlxalq təşkilat rəhbəri, silahlanma üzrə 13 milli baş direktor, polis, jandarmeriya, mülki müdafiə sahələrində təhlükəsizlik üzrə 11 baş direktordan ibarət rəsmi nümayəndə heyəti sərgini ziyarət edəcək. Beş gün davam edəcək sərgiyə 65-i müdafiə və 106-sı təhlükəsizlik üzrə 171 yüksək səviyyəli ekspertlərin də qatılacağı bildirilir.
Sərgidə Türkiyənin 40-dək şirkəti iştirak edir. Türkiyənin 140 yaşlı “Sarsılmaz” şirkəti müdafiə və təhlükəsizlik sahələrində istifadə olunan 332 növ kiçik və iri çarxlı avtomatik silahlar (tapança və avtomatlar) istehsal edir. Şirkətin idxal müdiri Hakan Özadalı şirkətin istehsal etdiyi silahlar haqqında ətraflı məlumat verərək, dünyada bir çox oxşar şirkətlər olmasına baxmayaraq, “Sarsılmaz”ın istehsal etdiyi silahları yüksək keyfiyyətlərinə və qiymətlərinin avantajlı olmasına görə daha çox diqqət cəlb etdiyini bildirib. Sərgidə nümayiş olunan innovativ texnologiyalar arasında İsrailin “Camero” şirkətinin bir neçə divar qatının arxasından xəbər verən yeni aparatı da diqqəti cəlb edib. “Camero” şirkətinin satış üzrə rəhbəri İlan Abramoviç bildirib ki, rəqəmsal aparat yeni istehsal olunub və ilk dəfə nümayiş olunur. Aparatdan ölkə daxilində istifadə olunur, ancaq digər ölkələrə də ixrac olunacaq. Aparat iç-içə olan bir neçə divarın arxasından səslər və hərəkətlər haqqında məlumat ötürür.
Qeyd edək ki, bu sərgidə müdafiə sənayesinin 500 yeni texnologiyası nümayiş olunur. Sərgi çərçivəsində konfranslar, forumlar, simulyasiyaların da təşkili nəzərdə tutulub.
“Eurosatory” sərgisi iyunun 17-dək davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris