CƏMİYYƏT


Parisdə UNESCO-nun su ehtiyatlarına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Bakı, 11 may, AZƏRTAC

Mayın 13-14-də UNESCO-nun Parisdəki qərargahında sülhün və su ehtiyatlarının davamlı təhlükəsizliyinin təmin edilməsi üçün sektorlararası qarşılıqlı fəaliyyətdən istifadə edilməsinə dair beynəlxalq konfrans keçiriləcək.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, kosmosdan peyklər vasitəsilə çəkilmiş şəkillərdə Yer kürəsinin səthində bol su mənbələri olduğu görünür. Lakin dünya okeanının cəmi bir faizi istehlak üçün yararlı içməli sudan ibarətdir.

Praktiki olaraq insanın bütün fəaliyyəti – qida məhsulları istehsalı, enerji istehsalı, sənaye və asudə vaxtın təşkili su ehtiyatlarından asılıdır. Su ehtiyatlarının idarə edilməsi insanların sağlamlığına və ekosistemlərin vəziyyətinə təsir göstərir, gender bərabərliyi, təhsil, regionların mədəni müxtəlifliyi sahəsində vəziyyəti əks etdirir. Su ehtiyatları davamlı inkişaf və yoxsulluğun azaldılması üçün həlledici əhəmiyyət kəsb edir.

UNESCO müasir problemlərin novator həllərinin mübadiləsi üçün əlaqədar tərəfləri və tərəfdaşları birləşdirir. UNESCO təhsil, elm (həm təbiət elmləri, həm də sosial və humanitar elmlər), mədəniyyət və kommunikasiya sahəsində öz təcrübəsi və bilikləri sayəsində su ehtiyatlarının idarə edilməsi problemlərinin həllinə davamlı yanaşmalar əsasında töhfə verir.

UNESCO konfransının keçirilməsində məqsəd bütün əlaqədar tərəfləri su ehtiyatlarının idarə edilməsinə sektorlararası yanaşmaların müzakirəsinə dəvət etmək, su ehtiyatlarının sektorlararası idarə edilməsi yollarının tətbiqinə kömək üzrə tədbirlər görməyə çağırmaq, informasiyanın şəffaflığını və mübadiləsini təmin edən qabaqcıl təcrübə mübadiləsini həyata keçirmək, üzv dövlətlərin su ehtiyatları ilə bağlı beynəlxalq proqramların hədəflərinə nail olmağa kömək üçün fənlərarası yanaşmanın və elmlərin inteqrasiyasının zəruriliyini nümayiş etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.