DÜNYA
Parisdə dəmiryolçuların tətili səbəbindən qatarların yarısı xəttə çıxmayıb
Bakı, 21 iyun, AZƏRTAC
Fransa Milli Dəmiryolları Cəmiyyətinin Paris şəhər dəmiryol xətlərinin əməkdaşları iyunun 21-də böyük tətilə başlayıb.
AZƏRTAC Fransa KİV-lərinə istinadla xəbər verir ki, operator kompaniyasının saytında yerləşdirilən məlumata görə, şəhərin elektrik qatarlarının üç xəttində qatarların yarısı, digər altı xəttində isə yalnız üçdə biri işləyir.
Dəmiryolu əməkdaşları və həmkarlar ittifaqları Fransanın hakimiyyət orqanlarının Avropa Komissiyasının tələbi ilə sektoru rəqabətə açmasından narazıdır. Onlar əsasən əmək şəraiti və iş yükünün daim artması ilə bağlı bir sıra əlavə tələblər irəli sürür.
Tətil Fransanın təhsil sistemi üçün əhəmiyyətli vaxtda - bakalavr dərəcəsinə imtahanlarının başladığı gün keçirilir. Fransa Milli Dəmiryolları Cəmiyyəti bu səbəbdən məktəblilərin imtahanlara gecikə biləcəyi barədə rayon təhsil şöbələrini əvvəlcədən xəbərdar edib və onları buna anlayışla yanaşmağa çağırıb.