MƏDƏNİYYƏT
Parisdə fəaliyyət göstərən “Bienvenue en France” Assosiasiyasının üzvləri səfirliyimizin Mədəniyyət Mərkəzində olublar
Paris, 7 iyun, AZƏRTAC
Fransada fəaliyyət göstərən “Bienvenue en France” Xarici Diplomatlar Assosiasiyasının üzvləri Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, Assosiasiya üzvlərinə tariximiz, mədəniyyətimiz, ənənələrimiz haqqında geniş məlumat verilib.
Mədəniyyət Mərkəzinin konfrans zalında Fransa-Amerika Administrativ Şurasının vitse-prezidenti, “İncəsənət və Mədəniyyət Assosiasiyasının prezidenti Nikol Torcman çıxış edərək Mədəniyyət Mərkəzi, onun yerləşdiyi məhəllənin tarixi haqqında məlumat verib.
Sonra Heydər Əliyev Fondu tərəfindən ölkəmizin turizm imkanlarını və mədəni irs abidələrinə əks etdirən videoçarxlar nümayiş olunub.
Xarici diplomatlar Assosiasiyasının üzvləri Mədəniyyət Mərkəzində fəaliyyət göstərən muzeyə baş çəkiblər. Onlar muzeydə tariximiz, milli geyimlərimiz, qədimdə istifadə edilmiş məişət avadanlıqlarından ibarət eksponatlarla, eləcə də ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən bəhs edən sərgi ilə tanış olublar.
Sonra gənc pianoçu Etibar Əsədli “Ala gözlüm”, “Zübeydə” mahnılarını və milli caz musiqisi nümunələrini səsləndirib.
Assosiasiya üzvləri ölkəmizə heyran olduqlarını deyiblər. Gözəl Bakı şəhərinə səyahət etmək, onu öz gözləri ilə görmək arzularını bildiriblər.
Qeyd edək ki, “Bienvenue en France” Xarici Diplomatlar Assosiasiyasının üzvləri Fransada akkreditə olunmuş qadın səfirlər və ya səfirlərin həyat yoldaşları, eləcə də müxtəlif ölkələrin səfirliklərində fəaliyyət göstərən diplomat qadınlardan ibarətdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris