DÜNYA
Parisin turizm sektoru il ərzində 2 milyon turist itirib
Bakı, 10 noyabr, AZƏRTAC
Fransa paytaxtına turist axını il ərzində 2 milyon nəfər azalıb. Bunun səbəbi ilk növbədə 2015-ci ilin noyabr və 2016-cı ilin yanvar aylarında Parisdə baş verən silsilə terror hücumları ilə bağlıdır.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Parisə yaponlar təxminən 40 faiz, çinlilər 23 faiz, almanlar 11 faiz az səyahət ediblər. Məşhur Luvr muzeyinin ziyarətçiləri isə 20 faiz azalıb.
Turizm üzrə regional komitənin başçısı Frederik Valettanın sözlərinə görə, bu sahədən gözlənilən gəlirlərin itkisi təxminən 1 milyard avroya yaxındır və ilin sonunadək 1,5 milyard avroya çata bilər. Fransa hökuməti turizm sektorunda vəziyyətin yaxşılaşdırılması üçün yeni tədbirlərə əl atmaq haqqında düşünür. Bu ərəfədə Baş nazir Manuel Vals məsələnin həllinə 40 milyon avro ayırmağı vəd edib.
Turizm Fransa iqtisadiyyatının əsas sahələrindən biridir və ümumi daxili məhsulun 9 faizini təşkil edir.