CƏMİYYƏT
“Park Bulvar”da “Səssizliyin səsi ol!” aksiyası keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Beynəlxalq Karlar Günü münasibətilə “Park Bulvar” alış-veriş və istirahət mərkəzində aksiya keçirib. “Səssizliyin səsi ol!” aksiyası çərçivəsində təşkilatın üzvləri və könüllülərdən ibarət komanda dövlət himnini işarət dilində ifa edib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd cəmiyyətin xüsusi diqqət və qayğısını eşitmə və nitq məhdudiyyətli insanlara yönəltmək olub.
Təşkilatın sədri Cəmilə Abdulova çıxış edərək “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin bir il əvvəl dövlət qeydiyyatına alınmasını xatırladaraq tədbirin təşkilində onlara yardım edən “Park Bulvar” rəhbərliyinə və könüllülərə xüsusi təşəkkürünü bildirib.
Hüquqşünaslar Birliyinin sədri Nicat Gözəlov çıxışı zamanı hər kəsi eşitmə və nitq məhdudiyyətli, lakin kifayət qədər istedadlı gənclərə qarşı xüsusi qayğıyla yanaşmağa dəvət edib: “Himnin işarət dili vasitəsilə ifası zamanı səs eşidilməsə də, hər jestin arxasında bir nəfəsin dayandığını unutmayaq”.
Bir sıra ictimai xadimlər və vətəndaş cəmiyyəti təşkilatının rəhbərləri tədbirdə iştirak ediblər.