CƏMİYYƏT


Parlament seçkilərində qadın namizədlərin sayında artım müşahidə olunur

Bakı, 18 yanvar, AZƏRTAC

Fevralın 9-da keçiriləcək parlament seçkilərində qadın namizədlərin sayında artım müşahidə olunur. Əvvəlki seçkilərlə müqayisədə qadınların bu seçkilərdə təmsil olunmasında 16,8 faiz artım var.

AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib, bu gün Azərbaycanda qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində uğurla təmsil olunurlar. Builki parlament seçkilərində namizədlər siyahısında qadınların sayı artıb. Dövlət siyasəti də cəmiyyətdə gender bərabərliyi prinsipinin təmin edilməsinə yönəlib.

E.Səfərov söyləyib ki, son illər Azərbaycanda qadınların qərar qəbuletmə imkanlarının və vəzifələrdə təmsilçiliyinin artırılması, eləcə də siyasi, iqtisadi və sosial sahələrdə təmsilçilik balansının təmin edilməsi məqsədilə dövlət tərəfindən uğurlu siyasət aparılır: “Bu istiqamətdə müxtəlif qərarlar qəbul edilib. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə, 1998-2000-ci illərdə imzalanan sərəncam və fərmanlarla qadınların qərar qəbuletmədə təmsilçiliyinin artırılması üçün uğurlu addımlar atılıb. Biz artıq bu gün bunun müsbət nəticələrini görürük. Dövlətimizin də siyasəti balanslaşdırılmış təmsilçiliyin artırılması, cəmiyyətdə gender bərabərliyi prinsipinin təmin edilməsinə yönəlib. Gender bərabərliyi prinsipinin təmin edilməsi ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsir göstərən vacib amillərdən biridir.

Dövlət Komitəsinin rəsmisi Azərbaycanda keçirilən sonuncu bələdiyyə seçkilərində seçilmiş qadın namizədlərin sayının artdığını vurğulayaraq deyib. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində qadınların iştirakı 4 faiz təşkil edirdisə, 2019-cu ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Azərbaycan tarixində ilk dəfə olaraq çox böyük faiz dərəcəsi ilə artım müşahidə edilib. Belə ki, bələdiyyə seçkilərində qələbə qazananların 38,81 faizini qadınlar təşkil edib. Bununla da Azərbaycan bələdiyyə seçkilərində qadınların təmsilçilik faizinin yüksək göstəricisinə görə Avropa Şurasına üzv olan 5 ölkədən birinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.