CƏMİYYƏT
Parlament üzvü: Azərbaycan COVID-19 probleminin həllinə qlobal töhfəsini verir və fəallığı ilə seçilir
Bakı, 20 noyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın üçüncü komitəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin növbəti diplomatik uğurudur. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Pandemiyanın yaratdığı çətinliklər, iqtisadi cəhətdən inkişaf etməmiş ölkələrdə tibbi ləvazimatların çatışmazlığı, peyvəndlərin qeyri-bərabər bölünməsi, bəzi böyük dövlətlərin lazım olduğundan dəfələrlə artıq peyvənd əldə etməklə, sabotajla məşğul olduqları barədə İlham Əliyevin qətiyyətli çıxışları beynəlxalq ictimaiyyət tərəfindən alqışlarla qarşılanıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Parlament üzvü bildirib ki, “peyvənd millətçiliyi”, peyvəndlərin ədalətsiz bölgüsünün davam etməsi heç kəsə sirr deyil: “Bu barədə sosial ədalət prinsiplərindən çıxış edərək car çəkən, dünya birliyini həmrəyliyə dəvət edən məhz Azərbaycandır, Prezident İlham Əliyevdir. Eyni zamanda, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına ayırdığı ianələr, Qoşulmama Hərəkatına üzv olan ölkələrə göstərdiyi yardımlar Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla bərabər humanist imicini formalaşdırır. Düşünürəm ki, əksər ölkələrin Prezidentin təşəbbüsünü dəstəkləməsi görülən işlərin təsdiqi kimi qəbul olunmalıdır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti müasir qlobal çağırışlara operativ şəkildə reaksiya göstərir, beynəlxalq problemlərin həllinə töhfə verir və fəallığı ilə seçilir”.