CƏMİYYƏT


Parlamentdə qadınların çox olduğu ölkələrin reytinqində dördüncü yeri İspaniya tutur

Madrid, 11 mart, AZƏRTAC

Parlamentdə qadınların çox olduğu ölkələrin reytinqində dördüncü yeri İspaniya tutur, bu ölkədə rəhbər vəzifələr tutan qadınların nisbi sayı isə Avropa İttifaqı üzrə orta göstəricidən yüksəkdir.

AZƏRTAC Avropa Gender Bərabərliyi İnstitutuna (EİGE) istinadla xəbər verir ki, İspaniya parlamentindəki yerlərin 38 faizi qadınların payına düşür. Bu göstərici üzrə İspaniyanı yalnız İsveç (46 faiz), Finlandiya (42 faiz) və Belçika (42 faiz) qabaqlayır, Danimarka, Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələr isə İspaniyadan geri qalır.

Biznes sahəsində ispaniyalı qadınlar böyük uğurlar qazanıb. “Grant Thornton” tərəfindən tərtib edilmiş “Women In Business” adlı məruzəyə görə, İspaniyada rəhbər vəzifələr tutan zərif cinsin nümayəndələrinin sayı son bir ildə 3 faiz artaraq 30 faizə çatıb. Müqayisə üçün qeyd edək ki, Aİ səviyyəsində rəhbər vəzifələr tutan qadınların sayı, 28 faiz, dünya üzrə 29 faiz tutur. Onu da qeyd edək ki, işçilərin sayı 20 nəfərdən 500 nəfərə qədər olan İspaniya müəssisələrinin 87 faizində ən azı bir rəhbər vəzifəni qadınlar tutur.

Ekspertlər sahibkarlıq fəaliyyəti sahəsində hüquq bərabərliyinin inkişafına şərait yaradan müsbət amillər sırasında çevik iş qrafiki, kişilər və qadınlar üçün karyera imkanlarının bərabər olması, habelə yeni, inklüziv və rəngarəng korporativ mədəniyyətin əhəmiyyətini xüsusi vurğulayırlar.

Ekspertlərin fikrincə, uşaq doğub tərbiyə etməklə karyeranı uzlaşdırmaq zərurəti qadınların rəhbər vəzifələr tutmasına əngəl törədən əsas çətinliklərdəndir. Ənənəvi korporativ mədəniyyətin əsasən kişilərə yönəlmiş olması bu sahədə daha bir maneədir.

Nigar Cəfərli

AZƏRTAC –ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.