REGİONLAR
Parlamentə seçkilər ölkəmizin siyasi həyatında mühüm hadisədir VİDEO
Ağsu, 1 noyabr, AZƏRTAC
Səhər tezdən 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin Ağsu şəhərinin Söhbət Quliyev küçəsindəki kooperativlər cəmiyyətinin binasında fəaliyyət göstərən 7 saylı seçki məntəqəsində böyük qələbəlik hökm sürür. İnsanlar saat 8-dən məntəqəyə gələrək Milli Məclisə namizədlər arasında öz seçimlərini edirlər.
AZƏRTAC xəbər verir ki, dairə üzrə səsvermənin gedişini ayrı-ayrı partiyalardan və ictimai təşkilatlardan olan müşahidəçilər izləyir. Habelə qurulan veb-kamera vasitəsilə hər kəs bu prosesi onlayn izləyə bilir.
69 yaşlı Abbas Məmmədov məntəqədə səsvermənin rahat və şəffaf şəraitdə keçməsi üçün yaradılan şəraitdən razılığını bildirərək dedi: “Parlamentə seçkilər ölkəmizin siyasi həyatında mühüm hadisədir. Biz Milli Məclisə savadlı, fəal, xalq arasında tanınan adamları görmək istəyirik. Odur ki, seçim etməkdə maraqlıyıq. Çox razıyıq ki, azad, demokratik və şəffaf seçim üçün məntəqədə hər cür şərait yaradılıb. Hər kəs maneə olmadan istədiyi namizədə səs verə bilir”.
Qeyd edək ki, bu məntəqə dairənin ən iri məntəqələrindəndir. Məntəqə üzrə 1386 nəfər seçici var. Səsvermənin gedişini 10-dan çox yerli müşahidəçi izləyir.
Ümumiyyətlə, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində 62 məntəqə fəaliyyət göstərir. Bu gün səsvermədə seçici hüququ olan 39131 nəfər iştirak etməlidir. 7 saylı məntəqə də daxil olmaqla, 9 yerdə veb-kamera qurulub. 713 müşahidəçi səsvermə prosesini izləyir.