CƏMİYYƏT


Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli əvvəlcə cari ilin yaz və növbədənkənar sessiyaları dövründə bu komitədə görülmüş işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə İctimai birliklər və dini qurumlar komitəsinin 5 iclası keçirilib, 12 məsələyə baxılıb. Komitədə müzakirə olunan qanun layihələri parlamentin plenar iclaslarına tövsiyə olunub və Milli Məclisdə qəbul edilib.

Yaz və növbədənkənar sessiyalarda komitədə müzakirə olunan qanun layihələrindən biri də “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ olub. Dövlətin, vətəndaşların və dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirən həmin qanun layihəsi videokonfrans formatında Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin iştirakı ilə üç oxunuşda geniş müzakirədən keçib və parlamentdə qəbul olunub. Qanuna edilən dəyişikliklər dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaq, qanunun tələblərinə riayət olunmasına nəzarəti səmərəli təşkil etmək, dini etiqad sahəsində maarifləndirmə işi aparmaq, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək etmək məqsədi daşıyıb.

İclasda vitse-spiker nəzərə çatdırıb ki, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 152 ərizə və məktuba, müxtəlif xarakterli digər sənədlərə, elektron poçt vasitəsilə gələn müraciətlərə komitədə baxılıb və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb, bir sıra məsələlərin həllinə nail olunub. Vətəndaşların fərdi qəbuluna da komitədə xüsusi diqqət ayrılıb, onların şifahi müraciətləri mütəmadi olaraq dinlənilib, lazımi izahatlar verilib, müvafiq tədbirlər görülüb.

Komitə sədrinin məlumatı dinlənildikdən sonra iclasda hesabatla bağlı fikir mübadiləsi aparılıb və hesabat məqbul sayılıb.

Sonra İctimai birliklər və dini qurumlar komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunaraq təsdiqlənib.

Cari məsələlərin müzakirəsində deputatların təklifləri dinlənilib.

İclasda aparılan müzakirələr zamanı altıncı çağırış Azərbaycan parlamentinin öz işini yeni reallığa uyğun qurduğu qeyd olunub, ölkəmiz üçün ictimai-siyasi əhəmiyyət daşıyan məsələlərə də toxunulub. Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli, komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Azər Badamov, Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyan Qələbənin ildönümü ərəfəsində olduğumuzu vurğulayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı bu möhtəşəm Qələbənin geniş miqyasda təbliğ olunması zərurətindən danışıblar.

İclasda komitə üzvləri Sevinc Fətəliyeva və Anar İsgəndərov, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.