İQTİSADİYYAT


Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb VİDEO

Bakı, 19 oktyabr, AZƏRTAC 

Oktyabrın 19-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəlikdəki 13 qanun layihəsi barədə məlumat verib.

Əvvəlcə komitədə Vergi və İnzibati Xətalar məcəllələrində, “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Reklam haqqında” qanunlarda təklif edilən dəyişikliklərə dair qanun layihələri müzakirə olunub. Qeyd edilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Dəyişikliklərə əsasən, beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilməlidir.

Bildirilib ki, dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə müvafiq maddə əlavə edilir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olan sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə edilir.

Sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna dəyişikliklər müzakirə edilib. Qeyd olunub ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Qanuna iqtisadi, dövlət və qida təhlükəsizliyi ilə bağlı yeni bir maddə də əlavə edilir. İclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Avtomobil yolları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxılıb. Hər iki sənəddə təklif olunan texniki dəyişikliklər məqsədəuyğun hesab edilib.

Müzakirə olunan məsələlər barədə deputatlar fikirlərini səsləndiriblər. Sonra müzakirə edilən bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.