SİYASƏT


Paşinyan hakimiyyəti dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququn normalarını pozmağa davam edir

Bakı, 21 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Prezident İlham Əliyevin yerli mətbuata verdiyi müsahibə bir neçə səciyyəvi xüsusiyyəti ilə tarixi müsahibə hesab edilə bilər. Bunlardan biri dövlətimizin başçısının bütün sahələr üzrə ensiklopedik bilgilərə malik olması və verdiyi siyasi qərarlarda məhz onlara istinad etməsi reallığıdır ki, ona görə də bunlar milli maraqlarımızın realizə olunmasında ən doğru qərarlar olur. İkincisi, milli iqtisadiyyatımızın hələ də əsasını təşkil edən neft sənayemizin tarixi və onun istismarı məsələlərinin dövri xarakteristikası ilə bağlıdır ki, bu da neft amilindən səmərəli istifadənin təşkili üçün olduqca əhəmiyyətlidir. Ancaq unutmaq olmaz ki, Prezident İlham Əliyev bu müsahibəsində təkcə neft sənayesi tarixi, dünya bazarında və iqtisadiyyatında neftin yeri və rolu, milli iqtisadiyyatın neft amili ilə əlaqəsi, neftin siyasi amilə çevrilməsi məsələləri ilə bağlı deyil, həm də əsl neft mühəndisi, Xəzər akvatoriyasının geoloji strukturu və xəritəsini dərindən bilən bir mütəxəssis kimi danışdı. Üçüncü ən mühüm və tarixi hesab ediləcək məsələlərdən biri o idi ki, Prezident İlham Əliyev bu vaxta qədər həyata keçirdiyi siyasətdə daim dürüst olmaqla, xalqının maraqlarını qorumaqla öz xalqı qarşısında hesabat verməyə həmişə hazır lider olduğunu bir daha göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib.

Prezident İlham Əliyevin xüsusən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi kimi mürəkkəb, manipulyasiyaya açıq bir məsələdə nə qədər doğru siyasət apardığını və xalqının maraqlarına necə xidmət etdiyini ortaya qoyduğunu vurğulayan deputat deyib: “Bu gün İlham Əliyevi təkcə Prezident deyil, həm də milli lider edən ən başlıca səbəb onun "Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz" cümlələrində olan dürüstlükdür. Elə Azərbaycanda xalq-hakimiyyət birliyini təmin edən sosial düstur da “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir” ifadələrində əksini tapıb. Digər məsələlərə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada yüksək nüfuza malikdir və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bunu təmin edən strateji amil milli maraqlara əsaslanan çoxvektorlu və müstəqil siyasətin həyata keçirilməsidir”.

H.Babaoğlu diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan praqmatik xarici siyasət, o cümlədən müstəqil enerji strategiyası ölkəmizin dünya siyasətində mövqeyinin güclənməsini, regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verməsini təmin edib, eyni zamanda, respublikamızın çoxşaxəli əlaqələrinin genişlənməsini şərtləndirib. Ümumiyyətlə, yaşadığımız mürəkkəb geostrateji regionda milli maraqlara söykənən müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil. Çünki müstəqil siyasət həyata keçirmək və dövlətçilik maraqlarını daim öndə tutmaq, ilk növbədə, güclü iqtisadiyyatla əlaqəli olur. Azərbaycan isə iqtisadi müstəqilliyini təmin edə bilib və ölkəmizin liderliyi, təşəbbüsü ilə reallaşdırılan neft-qaz layihələri bu prosesdə vacib rola malikdir. Təbii ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, iqtisadi və hərbi qüdrətinin artması ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından da mühüm əhəmiyyətə malik olan strateji əhəmiyyətli amildir.

“Hər şeydən əvvəl, öz gücünə və nüfuzuna arxalanan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində prinsipial mövqe nümayiş etdirir, qətiyyətli mövqeyindən bir addım da geri çəkilmir və çəkilməyəcək. Amma bununla yanaşı, Prezident İlham Əliyev qeyd etdiyi kimi, ölkəmiz imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə hiyləgər siyasətinə qoşulmaq niyyətində deyil. Sirr deyil ki, Ermənistanın rəhbərliyi müxtəlif manipulyasiyalar, cəfəng bəyanatlarla danışıqlar prosesini pozub. Bu gün də hərbi-siyasi xarakterli təxribatlarını davam etdirir. Aciz və çıxılmaz vəziyyətdə olan Paşinyan hakimiyyəti gah danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar absurd iddialar səsləndirir, gah işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırmaya start verir, beləliklə, dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququn normalarını pozmağa davam edir”, - deyən H.Babaoğlu bildirib ki, heç şübhəsiz, Ermənistanın bu təxribatlarının bir neçə səbəbi var. O deyib: “Birincisi, sülh danışıqlarını pozmaq, beləliklə də Azərbaycanı qondarma iddialarla ittiham etmək, nəticə etibarilə, status-kvonu dəyişməz saxlamağa nail olmaq. Digər tərəfdən, hərbi müstəvidə Azərbaycan Ordusunun qüdrəti qarşısında iflasa və uğursuzluğa düçar olmuş Paşinyan hakimiyyəti revanş əldə etmək niyyəti güdür. Yeri gəlmişkən, Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində bu məqamlara toxunan Prezident İlham Əliyev “Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq” deyə bildirdi. Təbii ki, Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq və cəfəng, əsassız, qondarma iddialardan ibarət şərtləri qəbul etməyəcək. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycanın bir şərti var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Əlbəttə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları vasitəsilə həllinin tərəfdarı olsa da, işğalçı ölkənin status-kvonu saxlamaq üçün təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil. Ölkəmiz hərbi vasitələrə də öz ərazi bütövlüyünü təmin etmək hüququna və qüdrətinə malikdir. Başqa sözlə, dövlət başçısının bildirdiyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan niyə beynəlxalq hüququ gözləməlidir?! Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən təcavüzkar Ermənistana qarşı yetərli təsir və təzyiq göstərilməyəcəksə, bu işğalçı Ermənistan ölkəmizin 20 faiz ərazisini işğal altında saxlamağa davam edəcəksə, o zaman Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsində də əksini tapmış hüquq çərçivəsində öz ərazi bütövlüyü təmin edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.