SİYASƏT
Paşinyan rejiminin əsl mahiyyətinə qiymət vermək üçün Ermənistandakı son antidemokratik proseslərə nəzər salmaq kifayətdir
Bakı, 13 noyabr, AZƏRTAC
Ermənistan və onun uğursuz baş naziri Nikol Paşinyan hazırda çox acınacaqlı durumdadır. Paşinyan ölkəni çox pis vəziyyətə gətirib, xüsusilə də yürütdüyü diktatura siyasəti ilə.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat qeyd edib ki, bir ara “sorosçular” bar-bar bağırırdılar ki, Ermənistana guya Paşinyanın timsalında demokratiya gəlib, guya xalqın səsi ilə yeni lider seçilib. Amma bugünkü proseslər göstərir ki, Paşinyanın demokratiya haqqında anlayışı belə yoxdur. Bu adam demokratiya sözünün “d” hərfindən belə xəbərdar deyil. Elə ancaq Ermənistanda cərəyan edən son prosesləri izləyərək rahat şəkildə mühakimə yürütmək və Paşinyanın əsl kimliyinə, mahiyyətinə qiymət vermək mümkündür. Bu uğursuz və faşist təfəkkürlü siyasətçi cəmi iki mitinqdən sonra 200 müxalifətçini həbsə atıb. Qalanlarını da hədələyir. Paşinyan Ermənistanda azad söz mühitini tamamilə boğub, ölkəsini viran qoyub, onsuz da bərbad olan iqtisadiyyatı daha da pisləşdirərək iflic vəziyyətə gətirib, müharibəni biabırçı şəkildə uduzub, hər istiqamətdə pərən-pərənliyin, xaosun bünövrəsini qoyub, həbsxanaları müxalifətçilərlə doldurub. Amma bunun müqabilində yenə utanmadan deyir ki, xalqını düşünür, xalqının maraqlarını güdür. Hərgah, Paşinyan təkcə xalqının deyil, bütünlükdə demokratik aləmin düşmənidir. Ən maraqlı məqam isə odur ki, ən az 200 müxalifətçini həbsə saldıran Paşinyana qarşı hələ də beynəlxalq təzyiqlər yoxdur. Ayrı vaxt dil-dil ötən, hamıya dərs keçmək həvəsinə düşən bəzi beynəlxalq təyinatlı qeyri-hökumət təşkilatlarının da səsi çıxmır. Yəqin ki, heç çıxmayacaq da. Çünki bu gün dünya ikili standartlarla əhatə olunub, ümumbəşəri prinsiplər ikinci plana keçib. Amma eybi yox, qoy səsləri çıxmasın. Nə qədər susurlar sussunlar. Bu, onsuz da onların xislətidir. Əsas odur ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu Paşinyana öz yerini göstərdi, onu yetərincə miskin vəziyyətə saldı, diz çökdürdü. Bundan sonra da hər zaman belə olacaq. Azərbaycan bu gün qalibdir. Tam üstünlüklə qalibdir. Həmin qalibiyyəti bizlərə yaşadan Müzəffər Ali Baş Komandanımıza, qəhrəman əsgərlərimizə eşq olsun!