SİYASƏT
Paşinyanın Qarabağa səfəri Ermənistanın yeni təxribat planlarından xəbər verir
Bakı, 3 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
İşğalçı Ermənistanda sosial-iqtisadi və demoqrafik böhran dərinləşməkdə davam edir. Baş nazir Nikol Paşinyanın və onun komandasının səriştəsiz siyasətinin nəticəsi olan qanunazidd hərəkətləri, ölkədə davam edən siyasi, iqtisadi və hərbi böhranın qarşısının alınmasının qeyri-mümkünlüyü, insanların iş yerlərini itirməsi və onlara qarşı güc tətbiqi, qeyri-sabitlik və digər məsələlər hazırkı Ermənistan hakimiyyətinin sonunu daha sürətlə yaxınlaşdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.
Deputat diqqətə çatdırıb ki, çıxış yolunu faşizm ideologiyasını dövlət siyasətinə çevirməkdə görən Ermənistan hakimiyyəti başda Nikol Paşinyan olmaqla öz sələflərinin siyasətini davam etdirir və faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Çünki hakimiyyətdə olanların böyük əksəriyyətinin ata-babası bu yolla yüksələrək var-dövlət toplamaq üçün insanlığa yaraşmayan bütün alçaqlıqlara qol qoymağı həyatlarının amalı və əsas qayəsi hesab ediblər. Babasının faşist əməllərinə sadiq qalan N.Paşinyanın cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərdiyini bildirən deputat deyib: “O, sülh danışıqlarını açıq şəkildə pozur, Livan və Suriyadan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə məskunlaşdırılmasını, həmin ərazilərdə geniş tikinti işlərinin aparılmasını, yeni yollar və körpülər tikilməsini sürətləndirməsi Ermənistanın işğalçılıq siyasətini daha da genişləndirmək niyyətində olduğunu bir daha sübut edir”.
S.Xasayeva diqqətə çatdırıb ki, Paşinyan Azərbaycana qarşı yeni hücum əməliyyatları hazırlamaq və yeni təxribatlar törətmək üçün tez-tez Qarabağa səfərlər edir. O, səfəri zamanı hərbi elita ilə görüşlər keçirir, ölkəmizin sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbçilərini mükafatlandırır, hətta onlardan birinə Ermənistanın “Milli qəhrəman” adını təqdim edir. Ermənistan ordusundakı ruh düşkünlüyündən narahat olan və qorxan Paşinyan, həmçinin tərəfdarları xaricdən muzdlu döyüşçüləri gətirərək Azərbaycanda yeni terrorlar törətmək niyyətindən belə çəkinmirlər. Bütün bu faktlar düşmənin yeni təxribat planlarından xəbər verir.
“Qoy, riyakar düşmənimiz ermənilər, eləcə də onların siyasətdə heç bir təcrübəsi, beynəlxalq aləmdə nüfuzu olmayan qaniçən liderləri unutmasınlar ki, qatillərin, terrorçuların aqibəti acı olacaq. Həmin “liderlər” tarixdə təəssüf və ikrah hissi ilə xatırlanacaqlar. Yaxşı olardı ki, onlar keçən əsrdə baş vermiş qanlı cinayətlərin törədilməsinə rəhbərlik etmiş qaniçən cəlladların acı talelərini bir daha gözlərinin önünə gətirsinlər. Nə qədər gec deyil, yaxşı-yaxşı fikirləşsinlər və bu tarixi faciədən vaxtında ibrət dərsi götürsünlər. Əks halda, bu acı tale onları da gözləyir. Bu, qaçılmaz faktdır və bunun çox yaxın gələcəkdə reallığa çevrilməsi tarixi ədalətin bərpası kimi qiymətləndiriləcək”, - deyən S.Xasayeva qeyd edib ki, Azərbaycana qarşı törədilən təxribatlara, ədalətsizliklərə son qoymağın vaxtı çoxdan çatıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz öz müqəddəs və əzəli torpaqlarını düşmən tapdağından azad etməyə tam hazırdır.