İDMAN
Pat Simonds: Bakı bizi sürprizlərlə qarşılayacaq
Bakı, 14 iyun, AZƏRTAC
Bakı şəhər halqası qeyri-adi trekə oxşayır və indiyədək treklə bağlı olan simulyasiyalar onun incəliklərini dəqiqliklə göstərən təsvirlərdən daha çox, mütəxəssislərin təqdim etdikləri xəritələr əsasında hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Williams” komandasının texniki direktoru Pat Simonds deyib. O bildirib ki, yarışın saat əqrəbi hərəkətinin əksi istiqamətində keçiriləcəyi 6 kilometr uzunluğundakı şəhər trekinin ən cəlbedici xüsusiyyətlərindən biri 16-cı döngədən start-finiş xəttini keçməklə 1-ci döngəyə qədər uzanan sürət yığma hissəsidir. Burada bolidlərin maksimum sürətinin saatda 320 kilometr həddini keçəcəyi gözlənilir.
“Trekin birinci bölməsi 90 dərəcəli döngələrdən ibarətdir. İkinci bölmə isə bir-birinin ardınca davam edən iti bucaqlara sahib 7-12-ci döngələri əhatə edir. İkinci bölmənin sonunda yenə 90 dərəcə bucaqlı döngə gəlir. Bu döngədən sonra bolidlər trekdə ən yüksək sürət yığma hissəsində keçirlər. Havanın necə olacağı barədə indidən danışmaq tezdir. Lakin Bakıda iyunda orta temperatur müsbət 20 dərəcə təşkil edir və bu ay ərzində maksimum temperatur 39 dərəcə olub. Biz Bakıda apreldə Bəhreyndə müşahidə etdiyimiz hava şəraitindən daha isti hava gözləyirik. Burada iyunda ümumilikdə yağıntının miqdarı 8 millimetr təşkil edir və iqlim normalarına görə sadəcə bu ayın iki günü yağıntılı keçir. Biz “Formula-1”də hər zaman çətinliklərlə mübarizə aparmaqdan zövq alırıq və ən yeni şəhər treki ilə bağlı hazırlanmış son simulyasiyalardan onu başa düşürük ki, Bakı bizi sürprizlərlə qarşılayacaq. Ən gözlənilməz vəziyyətə qarşı hazırlıqlı olmaq bizim vəzifəmizdir və bu yeni trekin incəliklərinə tezliklə yiyələnəcəyik”, - deyə Pat Simonds deyib.