İDMAN
Patrik Riçard: Azərbaycanda qadın voleybolu sürətlə inkişaf edir
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Azərbaycanda idman, xüsusən də qadın voleybolu sürətlə inkişaf edir. Mən Azərbaycanda səkkiz dəfə olmuşam və hər səfərimdə böyük inkişafın şahidi olmuşam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində beynəlxalq dərəcəli hakim, qadınlar arasında Avropa çempionatının hakimi Patrik Riçard söyləyib.
O deyib: "Azərbaycanda idmana böyük maraq var. Bölgələrdə idmanı inkişaf etdirmək üçün yeni Olimpiya mərkəzləri, idman qurğuları tikilib. Mən Bakıda və Qubada bir neçə oyuna hakimlik etmişəm. Azərbaycan millisinin kapitanı Faiq Qarayev ilə yaxın dostluq münasibətimiz var. O, ölkənizdə voleybolun inkişafı üçün çox çalışır. Çox yaxşı haldır ki, Prezident İlham Əliyev də ölkənizdə idmanın inkişafına böyük diqqət yetirir. Bunun nəticəsidir ki, Azərbaycanda idman, xüsusən də qadın voleybolu çox sürətlə inkişaf edir. Mən bu çempionatda Azərbaycanın qadın voleybolçularının layiqli yer tutacaqlarına inanıram".
Patrik Riçard Gürcüstanda çempionatın bir qrupunun oyunlarının təşkilində Azərbaycanın rolunu yüksək qiymətləndirib: "Azərbaycan artıq beynəlxalq yarışların təşkilində böyük təcrübəyə malikdir. Bilirəm ki, Bakıda oyunlar yüksək səviyyədə təşkil olunub. Azərbaycan Gürcüstana da yaxından kömək edib. Bu, Azərbaycanın dostu kimi məni çox sevindirir".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi