CƏMİYYƏT


Patronaj Tibb Bacıları üçün Təlim-Resurs Mərkəzinin açılışı olub VİDEO

Bakı, 12 may, AZƏRTAC

Bu gün Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib. Həmçinin BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Patronaj Tibb Bacıları üçün Təlim-Resurs Mərkəzinin açılışı olub. Tədbirdə Səhiyyə Nazirliyinin və BMT-nin Uşaq Fondunun nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olub, “Patronaj xidmətində universal müvəqqəti model” mövzusunda keçirilən dərsdə iştirak ediblər.

Sonra tədbir rəsmi hissə ilə davam edib.

Tədbirdə çıxış edən kollecin direktoru Dilarə Məmmədəliyeva respublika üzrə 50 minə yaxın tibb bacısı olduğunu diqqətə çatdırıb. O, istər 44 günlük Vətən müharibəsində, istərsə də koronovirus pandemiyası dövründə tibb bacılarının və tibb qardaşlarının vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərini vurğulayıb. Direktor bildirib ki, 1975-ci ildən fəaliyyət göstərən kollecin indiyədək 36 min məzunu olub: “Elə bir səhiyyə ocağı yoxdur ki, orada kollecimizin məzunları çalışmasınlar. Biz öz məzunlarımızla fəxr edirik”.

Səhiyyə nazirinin müavini İlqar Qasımov bildirib ki, səhiyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsində tibb bacıları, tibb qardaşlarının rolu heç də az deyil. Onlar həkimlərlə bir yerdə işləyir və xəstələrin şəfa tapmasında birgə əmək sərf edirlər.

O, müasir avadanlıqlarla təchiz olunmuş təlim mərkəzinin gələcəyin tibb bacılarına istifadəyə verilməsini yüksək qiymətləndirib: “Bundan əvvəlcə ölkəmizin 4 şəhərində pilot layihə uğurla həyata keçirilib və gələcəkdə növbəti təlim mərkəzlərinin açılışı planlaşdırılır”.

İ. Qasımov Vətən müharibəsi zamanı tibb bacılarının fədakarlığını xüsusilə vurğulayaraq deyib: “44 günlük Vətən müharibəsində tibb bacılarının göstərdiyi xidmətlər əvəzsizdir”.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens bildirib ki, müasir tibb bacılarının fəaliyyətləri kifayət qədər genişdir. Patronaj tibb bacılarının yerlərdə verdikləri sosial məsləhətlər, valideynlərlə apardıqları maarifləndirmə işi həm səhiyyə, həm də sosial layihələrə dəstəkdir.

“Bu gün Resurs Mərkəzini istifadəyə verməklə həmin fənni kurikuluma daxil etdik. Nəticədə gələcəkdə çoxlu sayda tibb bacı və qardaşlarının yerlərdə patronaj xidmətlərini daha da böyük səriştə ilə yerinə yetirəcəklərinə inanırıq”, - deyə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri diqqətə çatdırıb.

Çıxış edənlər tibb bacılarını peşə bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Sonra kollecin müəllimi Təravət Nəbiyeva Beynəlxalq Tibb Bacısı Günü ilə bağlı təqdimatla çıxış edib.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.