İDMAN


Pauerliftinq üzrə Azərbaycan çempionatına start verilib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da “Zirvə” idman kompleksində pauerliftinq üzrə açıq Azərbaycan çempionatına start verilib.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkil etdiyi çempionatın açılış mərasimində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Azər Əliyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) şöbə müdiri Fərid Mansurov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, “Zirvə” beynəlxalq idman klublarının rəhbəri Tofiq Heydərov və Azərbaycan Pauerliftinq Federasiyasının (APF) prezidenti Ələddin Əliyev iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Zirvə” beynəlxalq idman klublarının rəhbəri Tofiq Heydərov çıxış edərək bildirib ki, bu kompleksdə artıq bir neçə mötəbər yarış təşkil olunub. O deyib ki, ölkəmizdə aparılan uğurlu idman siyasəti sayəsində pauerliftinq də xeyli inkişaf edib. Pauerliftinqin inkişafı Olimpiya idman növü olan ağır atletikanın da inkişafına təkan verir. Bunun nəticəsidir ki, azərbaycanlı ağır atletlər Las Veqas şəhərində Las-Veqas şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında 5 bürünc və bir qızıl medal qazanıblar”.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizin dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. O, respublikamızda idmanın digər növləri kimi, ağır atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə çempionatların əhəmiyyətini vurğulayıb.

Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edən AGİN-in şöbə müdiri, Olimpiya çempionu Fərid Mansurov deyib: “Azərbaycan idmanı dövlətin diqqət və qayğısı sayəsində getdikcə inkişaf edir. Atletlərimiz uğurlarını artırmaqda davam edirlər. Azərbaycan idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarına, beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir”.

Sonra APF-nin prezidenti Ələddin Əliyev federasiyanın fəxri prezidenti Sevil Əliyevanın iştirakçılara təbrik məktubunu oxuyub.

Daha sonra bir sıra şəxslərə Azərbaycan Pauerliftinq Federasiyasının fəxri diplomları təqdim olunub.

Qeyd edək ki, çempionatda 15 rayonu təmsil edən 20 klubun heyətində 150-yə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparır. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran təmsilçiləri də mübarizəyə qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.