İDMAN
Pauerliftinq üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi üçün hər cür şərait vardır
Bakı, 12 iyun (AZƏRTAC). Pauerliftinq üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi üçün hər cür şərait vardır.
AZƏRTAC xəbər verir ki, bunu Dünya Pauerliftinq Konqresinin prezidenti Mayk Sviney Bakıda keçirilən pauerlifting üzrə Avropa çempionatı ilə bağlı iyunun 12-də “Kempinski Hotel Badamdar” otelində təşkil edilmiş mətbuat konfransında demişdir. M.Sviney çempionatın təşkilati işlərindən razılığını bildirmişdir.
Azərbaycanın dünya çempionatına ev sahibliyi etməyə hazır olduğunu diqqətə çatdıran Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev demişdir ki, bu cür yarışların ölkəmizin regionlarında da keçirilməsi mümkündür. Bölgələrdə istifadəyə verilən müasir idman olimpiya kompleksləri buna imkan verir.
Çempionatda 27 ölkədən 300-dən artıq idmançının mübarizə aparacağını bildirən Ə.Əliyev qeyd etmişdir ki, yarışda Azərbaycanın əsas rəqibləri Rusiya, Finlandiya və İngiltərə yığmalarıdır. Çempionatda Azərbaycanı 50-dən artıq idmançı təmsil edəcəkdir.
Xatırladaq ki, pauerlifting üzrə Avropa çempionatı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Dünya Pauerliftinq Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Mətbuat konfransında Rusiya Pauerliftinq Federasiyasının prezidenti Yuri Ustinov da iştirak etmişdir.
Bakıda iyunun 11-də start götürmüş pauerlifting üzrə Avropa çempionatına bu ayın 15-də yekun vurulacaqdır.