CƏMİYYƏT
Payız ağacəkmə kampaniyasına Yasamal rayonu da qoşulub
Bakı, 27 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, bu sahədə tarazlığın qorunması istiqamətində görülən işlər Yasamal rayonunda da uğurla davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən payız ağacəkmə kampaniyasında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal rayonu ərazisində fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələrinin əməkdaşlarının və rayon sakinlərinin də qoşulduğu ağacəkmə kampaniyasının əsas məqsədi ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi, eləcə də insanların sağlamlığının qorunmasına xidmət edir.
Aksiya zamanı Yeni Yasamal yaşayış massivində salınmış yeni istirahət parkının ətrafından kənar dairəvi yola qədər 500-ə yaxın şam və küknar ağacları əkilib. Eyni zamanda, ərazi təmizlənib, yeni əkilən ağaclar suvarılıb və mövcud yaşıllıqlara qulluq göstərilib. Əraziyə münbit torpaq qatı salınıb, mineral gübrələr verilib.
Qeyd edək ki, dekabr ayının sonunadək rayonda ağacəkmə kampaniyası davam edəcək.