CƏMİYYƏT
Payız başlayır: dolu düşəcək, dağlıq ərazilərdə sulu qar yağacaq
Bakı, 22 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, sentyabrın 24-dən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək, gündüz saatlarında 20-22° isti təşkil edəcək.
Rayonlarda sentyabrın 23-ü gündüzdən 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.