REGİONLAR
Payız mövsümündə Balakəndə 310 hektar yeni fındıq bağları salınıb
Balakən, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər 2018-ci ildə də davam etdirilib. Belə ki, bu ilin payız mövsümündə rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 310 hektar yeni fındıq bağları salınaraq mövcud bağların sahəsi 9,9 min hektara çatdırılıb. Bu bağların 4,2 min hektarı son 3 ildə salınıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, cari ildə rayonun fındıq bağlarından 6 min 205 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 819 ton artıb.