CƏMİYYƏT


Payız-qış mövsümündə sayıqlıq hissinin itirilməsi infeksiyanın yayılmasında başlıca rol oynayır

Bakı, 26 oktyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) da, mövsümü qrip də yuxarı və aşağı tənəffüs yolları xəstəliyidir. Bunlar fərqli viruslar olsa da, temperatur, öskürək, tənəffüs çatışmazlığı, qızdırma, halsızlıq, boğaz ağrısı kimi kliniki əlamətlərə görə oxşardır və hər iki xəstəlikdə ağciyərin tutulması baş verir. Lakin yeni növ koronavirus üçün xarakterik olan əlamət iybilmə və dadbilmə hissinin itməsidir. Bu son iki əlamət olduğu halda koronavirus infeksiyasından şübhələnməyə əsas verir. Ona görə də yalnız klinik əlamətlərə görə dəqiq diaqnoz qoyula bilməz, çünki yoluxma halı laboratoriya şəraitində alınan yaxmanın mikrobioloji analizi nəticəsində təsdiq edilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun dediyinə görə, payız mövsümü tənəffüs yolu infeksiyalarının artması havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etmək və belə şəraitdə infeksiyanın ötürücülük şəraitinin və təmasların artması ilə əlaqədardır: “Ona görə də karantin rejimi yumşaldılanda da həmişə qoruyucu tədbirləri zəiflətməmək barədə xəbərdarlıq edirdik. Hansısa bir dərmandan istifadə etməklə ondan qorunmaq olmaz, hələlik ondan qoruyan peyvənd də tam təsdiq edilməyib, ona görə preventiv tədbirlər vasitəsilə özümüzü qorumalıyıq. Maska taxılması, sosial məsafə saxlanılması, antiseptik vasitələrdən istifadə edilməsi və gigiyena qaydalarına əməl edilməsi təkcə COVID-19 üçün deyil, digər respirator infeksiyalar üçün də vacibdir.

Ölkəmiz bir aydır ki, haqq savaşındadır. Xalqımızın diqqəti əsasən bu savaşa yönəldiyinə görə infeksiyaya qarşı mübarizə bir qədər arxa plana keçib. Bəzi hallarda bu səbəbdən sayıqlıq hissi bir qədər zəiflədi və bundan istifadə edən koronavirus infeksiyası yayılmaqda davam etdi. Əlbəttə, yalnız tədbirli davranmaqla təhlükəli virusun qarşısını almaq mümkündür. Ona görə də indiki vaxtda qaydalara daha ciddi əməl etmək lazımdır, çünki bu sahədə sayıqlığın itirilməsi orduya, zabit və əsgərlərə də sirayət edə bilər. Bunu nəzərə alaraq qaydalara daha ciddi əməl etmək hər kəsin vətəndaşlıq borcuna çevrilməlidir”.

Həmsöhbətimiz peyvəndlər barədə də məlumat verərək deyib: “COVID-19-a qarşı peyvənd hələ ki, araşdırılma mərhələsindədir. Bir peyvənd tətbiq edilməmişdən əvvəl fayda və zərəri öyrənilməli, hansı yaş qruplarını nə qədər müddətə qoruyacağı, eləcə də yan təsirləri tədqiq edilməlidir. Həmin araşdırmaların nəticəsi isə uzun bir vaxt ərzində baş verir. Qrip peyvəndi isə artıq illərdir ki, oktyabrın əvvəllərindən başlayaraq tətbiq olunur və həmin peyvənd influenza virusunun yaratdığı xəstəlikdən qoruyur, onun daha yüngül formada keçirilməsinə kömək edir. Qrip virusu hər il mutasiyaya uğrayır. Peyvəndin daimi qoruyuculuğu olmadığına görə, hər il həmin virus təkrar yayılır. Həmin peyvənd Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən altı aylığından beş yaşına qədər olan uşaqlara, yaşı 50-dən yuxarı olanlara, xroniki xəstələrə, hamilə qadınlara, yanaşı xəstəliyi olanlara, ümumilikdə, bütün yaş qruplarında olanlara vurula bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.